Enerji içkiləri bazara çıxdığı gündən onların sağlamlığa zərəri müzakirə mövzusu olub. Bu dəfə həmin içkilərin daha bir təhlükəli təsiri aşkar edilib.
Yurd.Media xəbər verir ki, aparılan eksperimentin nəticələrinə görə, 32 unsiya (946 millilitr) həcmində enerji içkisinin qəbulu qan təzyiqini kəskin şəkildə yüksəldir və ürəyin normal iş ritmini ciddi pozur.
Təcrübədə 18-40 yaş aralığında olan 34 könüllü iştirak edib. İştirakçılar həm kofein tərkibli enerji içkisi, həm də plasebo qəbul ediblər. Hər 30 dəqiqədən bir 470 millilitr içki qəbul edilib. Bu proses ərzində mütəxəssislər iştirakçıların ürək fəaliyyətini diqqətlə izləyiblər. Nəticələr göstərib ki, plasebo qəbul edən könüllülərin vəziyyəti daha sabit qalıb.
Enerji içkisi qəbul edənlərdə isə ürək döyüntülərinin tezliyinin əhəmiyyətli dərəcədə artdığı qeydə alınıb. Həmçinin bu qrupda sistolik və diastolik təzyiqin 4-5 millimetr civə sütunu səviyyəsində yüksəlməsi də müşahidə edilib.
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.