Enerji içkilərinin zərərindən söz açılarkən, ilk növbədə "hansı həcmdə və hansı yaş kateqoriyalarında təhlükə daşıdığı" məsələsinə önəm vermək lazımdır.
Yurd.Media xəbər verir ki, bir sıra Avropa dövlətlərində, eləcə də Türkiyədə 18 yaşından kiçik şəxslərə enerji içkilərinin satışı qanunla məhdudlaşdırılıb. ABŞ-da isə bu cür məhdudiyyət mövcud deyil, orada 12-13 yaşlı uşaqlar belə bu içkilərdən istifadə edir. Enerji içkilərinin tərkibinə amin turşuları, müəyyən vitaminlər daxildir.
Endokrinoloq-həkimlər vurğulayır ki, əsas diqqət mərkəzində olan komponentlər kofein və şəkərdir. ABŞ Qida və Dərman İdarəsi (FDA) böyük yaşlı insanlar üçün sutkada 400 mq-dan çox kofein qəbulunu qətiyyən məsləhət görmür. Biz enerji içkilərinin tərkibindəki kofeinin dəqiq miqdarını hər zaman bilə bilmirik. Bəzən bu göstərici etiketdə qeyd olunmaya, bəzən isə səhv yazıla bilər. Ümumi olaraq nəzərə alsaq, enerji içkilərində olan kofein həcmi fərqli-fərqlidir. Nümunə üçün qeyd edək ki, bir stəkan qəhvədə təqribən 80-90 mq kofein mövcuddur".
Həkimlər vurğulayır ki, uşaqlar üçün enerji içkisi qəbulu yolverilməzdir:
"Həddən artıq kofein istifadəsi ürək-damar xəstəliklərinə yol aça, sümük-əzələ sisteminin formalaşmasına, diş sağlamlığına mənfi təsir göstərə bilər. Kofein qəbulundan müəyyən vaxt sonra baş ağrısı, qıcıqlanma kimi əlamətlər ortaya çıxa bilər. Hamilə qadınların enerji içkiləri qəbul etməsi hamiləliyin itirilməsinə, orta yaşlı və yaşlı insanlarda isə qəfil ürək tutmalarına gətirib çıxara bilər. Çünki risk qrupuna daxil olan şəxslərdə kofein ürək ritmini poza, arterial təzyiqi yüksəldə bilər. Bundan əlavə, kofeinin ifrat istifadəsi asılılıq formalaşdırır. Həddindən artıq qəbulu isə zəhərlənmə ilə nəticələnə bilər".
Enerji içkilərinin spirtli içkilərlə birgə qəbul edilməsinə toxunan həkimlər bunun qəbuledilməz olduğunu ifadə edir. Tədqiqatlar göstərir ki, belə halda qəfil ürək tutma riski xeyli yüksəkdir.
Qeyd edək ki, Azərbaycan bazarında daha çox satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” enerji içkiləridir.