SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Enerji içkiləri: daxili ehtiyatları tükəndirən təhlükəli stimulyator

Enerji içkiləri: daxili ehtiyatları tükəndirən təhlükəli stimulyator

  • 16 iyun 2026, 19:14

Enerji içkiləri müəyyən müddət ərzində orqanizmi tonusa gətirmə qabiliyyətinə malikdir. Lakin bu içkilər eyni zamanda ürək fəaliyyətini və sinir sisteminin işini stimullaşdırdığından, onlardan uzunmüddətli istifadə məqsədəuyğun sayılmır.

Yurd.Media xəbər verir ki, bunu bildirən həkim-mütəxəssislər məktəbyaşlı uşaqların enerji içkilərindən istifadəsinin qəti şəkildə yolverilməz olduğunu vurğulayır.

Bəzən məktəb yaxınlığında yerləşən mağazalarda, hətta məktəbin özündə bu tip içkilərin satılması ciddi narahatlıq doğuran bir məsələdir:

"Belə içkilərin mütəmadi qəbulu ürək əzələlərinin yorulmasına, kardiomiopatiyaya səbəb olur, hətta enerji içkilərinin təsiri nəticəsində ürək çatışmazlığından həyatını itirənlər də mövcuddur. Hesab edirəm ki, valideynlər bu məsələdə son dərəcə diqqətli olmalıdırlar. Yetkin insanlar belə energetik içkilərdən istifadəyə həddən artıq aludə olmamalıdır".

Qeyd olunmalıdır ki, bu içkiləri dozaya ciddi riayət etməklə qəbul etmək lazımdır. Gündə 2 şüşə maksimal doza hesab edilir. Həddindən artıq doza qan təzyiqinin qəfil yüksəlməsinə və ya qandakı şəkər səviyyəsinin artmasına gətirib çıxara bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkən şəxslərə enerji içkiləri məsləhət görülmür. Məhz bu səbəbdən Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi qaydada qadağan edilib, adıçəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satışa çıxarılır.

Enerji içkilərinin orqanizmi enerji ilə təmin etdiyi düşüncəsi əsassızdır. İçki yalnız bədənin daxili ehtiyatlarına yol açır, bir növ açar funksiyası yerinə yetirir. Biz şəxsi enerji mənbəyimizdən istifadə edirik, sadə dillə desək, orqanizmdən enerji alırıq. Nəticədə, gec-tez biz orqanizmimizə olan borcumuzu yorğunluq, yuxusuzluq, əsəbilik və depressiya şəklində faizlə geri qaytarmağa məcbur oluruq.

Hər bir stimulyator kimi, enerji içkilərinin tərkibindəki kafein əsəb pozğunluğuna gətirib çıxara bilər. Onun təsir müddəti orta hesabla 3-5 saat davam edir, sonra isə orqanizm istirahətə ehtiyac duyur. Bundan əlavə, kafein asılılıq da yaradır. Tərkibində qlükoza və kafein birləşməsi olan içkilər gənc orqanizm üçün olduqca ziyanlıdır.

Bir çox enerji içkilərinin tərkibində sürətli ürək döyüntüsünə və titrəməyə səbəb olan B vitamini var. Fitnes həvəskarları unutmamalıdırlar ki, kafeinin güclü sidikqovucu təsiri də mövcuddur. Fiziki aktivlik zamanı orqanizm külli miqdarda maye itirdiyinə görə məşqlərdən sonra enerji içkisi qəbul etmək düzgün deyil.

Enerji içkilərinin tərkibində, həmçinin taurin və qlükoronlakton da mövcuddur. Bundan əlavə, bu cür içkilərdə taurinin səviyyəsi qida ərzaqlarında yol verilən ümumi miqdardən bir neçə dəfə yüksəkdir, qlükoronlaktonun miqdarı isə iki şüşədə gündəlik normanı 500 dəfə üstələyir. Alimlər hələ indiyə qədər bu cür tərkib hissəsinin orqanizmə necə təsir göstərdiyini və kafeinlə necə qarşılıqlı əlaqəyə girdiyini dəqiq müəyyən edə bilməyiblər. Buna görə də bu tip qidalarda yüksək dozadan təhlükəsiz istifadə hələ müəyyən edilməyib və bu məsələ əlavə araşdırma tələb edir.

Enerji içkiləri hazırda dünyanın bir çox ölkəsində geniş istifadə olunur. Bu içkilərdən istifadə son dövrlərdə Azərbaycanda da artmağa başlayıb. İlk dəfə 1987-ci ildə Avstriyada, 1997-ci ildə isə Amerikada satışa çıxarılan enerji içkiləri xüsusilə gənclər arasında böyük populyarlıq qazanıb. Bu içkilərin zərərli və ya faydalı olması məsələsinin daim dünya ölkələrini düşündürməsinə baxmayaraq, gündən-günə enerjetik içkilərin istehlakı artmaqdadır. Lakin bəzi Avropa ölkələrində, məsələn, Norveç, Danimarka və Fransada bu içkilərin sərbəst satışı qadağan edilib.

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları