Enerji içkiləri son illərdə geniş istifadə olunsa da, mütəxəssislər bu məhsulların sağlamlıq üçün ciddi risklər yaratdığını bildirirlər. Onların sözlərinə görə, energetik içkilər insan orqanizminə real enerji vermir, sadəcə mövcud enerjini qısa müddətlik stimullaşdırır və bu da sonradan halsızlıq və asılılıq yaradır.
Yurd.Media xəbər verir ki, Azərbaycanda enerji içkilərinin istehsalı və idxalı müəyyən standartlara uyğunlaşdırılsa da, bu məhsullar hamilə qadınlar, azyaşlılar və xəstələr üçün tövsiyə edilmir. Mütəxəssislərin fikrincə, sağlam insan üçün də riskli olan bir içkinin təhlükəsiz hesab edilməsi məntiqsizdir və bu cür məhsullardan mümkün qədər uzaq durmaq lazımdır.
Qida üzrə mütəxəssislər bildirir ki, enerji içkiləri xüsusilə uşaqlar üçün təhlükəlidir. Bu içkilər dərsə marağın azalmasına, yuxu pozuntularına, ürək-damar problemlərinə və erkən yorğunluğa səbəb ola bilər. Vurğulanır ki, bir qutu enerji içkisindəki kofein miqdarı bir neçə fincan güclü qəhvəyə bərabərdir və bu, uşaqların sağlamlığına ciddi zərbə vurur.
Mütəxəssislərin sözlərinə görə, enerji içkilərinin tərkibindəki yüksək şəkər və fosfor turşusu sümük inkişafını ləngidir, piylənmə, şəkərli diabet və qaraciyər problemləri riskini artırır. Bu içkilər qısa müddətli “borc enerji” yaratdığı üçün insanı təkrar istifadəyə sövq edir və zamanla asılılıq formalaşdırır.
Həkimlər isə bildirir ki, enerji içkiləri ürək ritminin pozulmasına, təzyiqin yüksəlməsinə və bəzi hallarda ölümcül aritmiyalara səbəb ola bilər. Onun sözlərinə görə, bu məhsullar reproduktiv sağlamlığa da mənfi təsir göstərir və genetik risklər yarada bilər.
Həkimlər hesab edirlər ki, enerji içkilərinin reklamı və əlçatanlığı məhdudlaşdırılmalı, xüsusilə uşaqların bu məhsullara çıxışının qarşısı alınmalıdır. Onların fikrincə, sağlamlığın qorunması ilk növbədə fərdi məsuliyyətdir və bu cür içkilərdən imtina etmək ən doğru seçimdir.
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.