Səhiyyə Nazirliyi tərəfindən “Badam Medical” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) yoxlama aparılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, nazirlik klinikada keçirilən növbədənkənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti, yəni plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olması faktını aşkarlayıb.
“Badam Medical” barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə protokol yazılıb.
Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
Məhkəmə klinikada inzibati xəta törədilməsi əməli müəyyən etməyib. Bu səbəbdən inzibati xəta haqqında icraata xitam verilib.
Xatırladaq ki, ötən ilin oktyabr ayında da Səhiyyə Nazirliyi “Badam Medical”da yoxlama aparan zaman analoji pozuntu aşkarlamışdı, lakin Səbail Rayon Məhkəməsinin hakimi Afət Quliyevanın sədrliyi ilə keçirilən prosesdə işə xitam verilmişdi.