 
 
            “Badam Medical” Məhdud Məsuliyyətli cəmiyyətdə (MMC) qanun pozuntuları aşkarlanması barədə protokol tərtib olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən MMC-yə məxsus klinikada keçirilən növbədənkənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti, daha dəqiq desək plastik cərahiyyə fəaliyyəti ilə məşğul olma faktı aşkarlanıb.
Nəticədə MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib.
Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan protokol Səbail Rayon Məhkəməsinə göndərilib. Hakim Afət Quliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərarda qeyd olunub ki, “Badam Medical” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı qənaətinə gəlinib. “İnzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.