SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda yod, aktivləşdirilmiş kömür kimi dərmanlar niyə bahalaşıb və yoxa çıxıb? - ARAŞDIRMA

Azərbaycanda yod, aktivləşdirilmiş kömür kimi dərmanlar niyə bahalaşıb və yoxa çıxıb? - ARAŞDIRMA

Son illərdə Azərbaycanda ucuz və əlçatan dərman vasitələrinin qiymətində kəskin artım müşahidə olunur. Eyni zamanda, bu dərmanların bəziləri ümumiyyətlə bazardan yoxa çıxır. Məsələn, cəmi bir il əvvəl qiyməti 40 qəpik olan yod bu gün 1 manat 20 qəpiyə satılır. Aktivləşdirilmiş kömür isə 20 qəpikdən 35 qəpiyə qədər bahalaşıb. Apteklər bu dərmanı alıcılara məhdud sayda təqdim edir.

Məsələ ilə bağlı Yurd.Media-ya açıqlama verən Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ölkənin dərman siyasətini müəyyən edən şəxslərin bir qismi həm də dərman biznesi ilə məşğuldur:
“Bu şəraitdə dərman idxalı üstünlük təşkil edir və yerli istehsalın inkişafı əngəllənir”.
E. Hüseynovun fikrincə, yerli istehsalın dəstəklənməsi üçün dövlət səviyyəsində proteksionist siyasət həyata keçirilməli və dərman bazarına nəzarət edən şəxslərin maraq toqquşmalarına son qoyulmalıdır.
"Bakı şəhəri, Pirallahı qəsəbəsində fəaliyyət göstərən yerli dərman zavodu müasir texnologiyalarla təchiz edilib. Hazırda əsasən tibbi əlcəklər və maska istehsal edir. Lakin bu zavod əlçatan və ucuz dərmanların istehsalına da yönləndirilə bilər", - Eyyub Hüseynov vurğulayıb. Onun sözlərinə görə, hazırkı bazar şəraitində yerli məhsullar, daha ucuz qiymətə gətirilən xarici dərmanlarla rəqabət apara bilmir.

O bildirib ki, bəzi preparatlarda qiymət fərqləri daha ciddi şəkildə özünü göstərir. Məsələn, şəkəri tənzimləyən "Qalvus Met" adlı dərman Azərbaycanda 75 manata satıldığı halda, Türkiyədə 15 manata, Filippində isə 35 manata satılır.

Aktivləşdirilmiş kömürün çatışmazlığına dair aptek satıcıları bildirir ki, bu preparat ölkədə məhdud sayda mövcuddur, insanlar isə onu arıqlamaq və kosmetik maskalar hazırlamaq məqsədilə kütləvi şəkildə alırlar. Məhdud sayda satılmasa, tələbatın böyüklüyü səbəbilə tapılmayacaq hala gələ bilər. Eyni zamanda, bu tip preparatların çoxu Rusiya və Ukrayna istehsalıdır. Regionda baş verən müharibə səbəbilə idxalda çətinliklər yaşanır, bu da qiymət artımı və qıtlığa səbəb olur.

Analitik Ekspertiza Mərkəzindən (AEM) Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir:

"Eyni zamanda, dərman istehsalı ilə məşğul olmaq azad sahibkarlıq fəaliyyətidir və hər bir sahibkar istehsal edəcəyi məhsulların seçimində sərbəstdir. Ölkədə bir neçə özəl dərman istehsalçısı fəaliyyət göstərir və onların fəaliyyəti İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında həyata keçirilir".

AEM-dən qeyd edirlər ki, əgər apteklərdən alınan dərman vasitələrinin keyfiyyəti və qiymətində hər hansı qanun pozuntusu müşahidə edilərsə, vətəndaşlar bu barədə Mərkəzin “Bir Pəncərə” sektoruna müraciət edə bilərlər.

Beləliklə, dərman bazarındakı qiymət artımı və çatışmazlıq məsələsi həm daxili struktur problemlərlə, həm də regional və qlobal təchizat zəncirindəki çətinliklərlə bağlıdır. Problemlərin effektiv həlli üçün həm dövlətin, həm də bazar iştirakçılarının şəffaf və koordinasiyalı fəaliyyəti vacibdir.

Prime Leasing