SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda 5 ildə həkimlərin maaşı 4 dəfəyə qədər artıb

Azərbaycanda 5 ildə həkimlərin maaşı 4 dəfəyə qədər artıb

2020-ci illə müqayisədə 2025-ci ildə həkimlərin orta aylıq əməkhaqqısı 1 850 manata çataraq 371 faiz artıb. Orta və kiçik tibb heyətinin əməkhaqları da müvafiq olaraq 96 və 78 faiz yüksəlib.

Yurd.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunları və gələcək planlara dair” keçirilən brifinqdə bildirib.

V.Qurbanov bildirib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılması üçün vahid elektron platformanın yaradılmasına başlanılıb. Platforma çağırışların qəbulu və yönləndirilməsi, briqadaların idarə olunması, GPS əsaslı izləmə, real vaxt xəritə üzərindən nəzarət, avtomatik marşrutlaşdırma və briqadaların yüklülüyünün hesablanması kimi funksiyaları əhatə edəcək. Bu sistemin xidmətin operativliyini və şəffaflığını əhəmiyyətli dərəcədə artıracağı vurğulanıb.

İcraçı direktor 2025-ci ildə “Şəkərli Diabet Elektron Reyestri”nin istifadəyə verildiyini açıqlayıb. Reyestr diabet xəstələrinin diaqnozu, laborator nəticələri, müalicə planları və dərman təminatı ilə bağlı məlumatların real vaxt rejimində vahid bazada toplanmasına imkan yaradır. Layihə səhiyyə idarəetməsində analitik qərarların qəbulunu da asanlaşdırır.

Qeyd olunub ki, epikrizlər tam elektron formata keçirilib və “Digital Bridge” milli platforması vasitəsilə vahid səhiyyə sisteminə inteqrasiya edilib. Bu addım tibb müəssisələri arasında məlumat mübadiləsini sürətləndirib və sənəd itkisi risklərini aradan qaldırıb.

2025-ci ilin 11 ayı ərzində “e-TABİB” sisteminin “Forma-088” moduluna 72 718 göndəriş daxil edilib, onlardan 66 362-si TƏBİB tərəfindən təsdiqlənərək əlillik altsisteminə ötürülüb. Instrumental və laborator müayinələrin nəticələrinin avtomatik inteqrasiyası təmin edilib.

Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 95 140 işçi, o cümlədən 16 096 həkim fəaliyyət göstərir. İşçilərin 83 faizini qadınlar təşkil edir. Bölgələrdə bəzi ixtisaslar üzrə kadr çatışmazlığının aradan qaldırılması üçün 65 yaşdan yuxarı həkimlərin regionlara cəlb edildiyi bildirilib.

TƏBİB-in İcraçı direktoru vurğulayıb ki, regionlarda tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən “Mentor Klinika” layihəsi çərçivəsində Bakı, Sumqayıt və Abşeronda yerləşən 8 aparıcı xəstəxana mentor statusu alıb. Respublika Klinik Xəstəxanasının 60 həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında növbəlilik əsasında fəaliyyət göstərəcək.

Nazirlər Kabinetinin qərarına əsasən, dövlət tibb müəssisələrinə işə qəbul “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə həyata keçirilir. Hesabat dövründə 321 həkim və 225 orta tibb işçisi işə qəbul olunub.

2025-ci ildə 68 tibb müəssisəsinin ştat strukturu yenilənib, 67 rəhbər vəzifəyə təyinat aparılıb, eyni zamanda 69 rəhbər şəxslə əmək müqaviləsinə xitam verilib.

Hazırda işğaldan azad olunmuş ərazilərdə 6 tibb müəssisəsi fəaliyyət göstərir. Şuşa, Xankəndi, Laçın, Zəngilan və Ağdərədə on minlərlə müraciət üzrə tibbi xidmət göstərilib. Yeni xəstəxana və poliklinikaların inşası planlaşdırılır.

2025-ci ildə Vətən müharibəsi iştirakçılarına 237 819, şəhid ailəsi üzvlərinə isə 178 353 tibbi xidmət göstərilib. Bu kateqoriyadan olan şəxslərə xidmət üçün 70 tibb müəssisəsində 163 koordinator fəaliyyət göstərir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları