SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycan səhiyyəsi 2025-ci ildə: Dayanıqlı inkişafla rəqəmsallaşmaya

Azərbaycan səhiyyəsi 2025-ci ildə: Dayanıqlı inkişafla rəqəmsallaşmaya

Azərbaycanda başa çatan 2025-ci il səhiyyə sahəsində də mühüm mərhələ kimi yadda qaldı.

Dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət çərçivəsində əhalinin sağlamlığının qorunması sahəsində ardıcıl və sistemli islahatlar davam etdirildi, səhiyyənin dayanıqlı inkişafı üçün mühüm nəticələr əldə olundu.

Səhiyyə Nazirliyinin Mətbuat Katibi Elvin Hacıyev Yurd.Media-nın sorğusuna cavab olaraq bildirib ki, universal səhiyyə əhatəsinin genişləndirilməsi istiqamətində 2025-ci ildə mühüm irəliləyişlər qeydə alınıb.

İcbari tibbi sığorta sisteminin tətbiqi nəticəsində əhalinin tibbi xidmətlərə çıxışı daha da asanlaşıb, Xidmətlər Zərfinə 3315-dən artıq tibbi xidmət daxil edilib. Bu, tibbi xidmətlərin bərabər və əlçatan olmasına imkan yaradıb.

Yeni tibb müəssisələri

Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkə üzrə müasir standartlara cavab verən yeni tibb müəssisələri istifadəyə verilib, mövcud səhiyyə infrastrukturu əsaslı şəkildə yenilənib. Belə ki, 2025-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tikilib istifadəyə verilən Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. Hazırda Cəbrayıl, Füzuli, Ağdam  və Cəlilabad rayonlarında müasir standartlara cavab verən xəstəxanaların tikintisi davam etdirilir. Eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində Narkoloji Mərkəz inşa edilir, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Uşaq Somatik Sanatoriyası əsaslı təmir edilir.  

Beynəlxalq təcrübəyə uyğun klinik protokollar, elektron resept

2025-ci ildə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin fəaliyyəti genişləndirilib, klinik protokollar və tibbi standartların  beynəlxalq təcrübəyə uyğunlaşdırılması işi davam etdirilib. İlkin səhiyyə xidmətinin gücləndirilməsi və ailə həkimi institutunun inkişafı da əsas prioritetlərdən olub.

2025-ci il həm də səhiyyənin rəqəmsallaşması baxımından əlamətdar olub. Elektron resept, elektron epikriz və elektron bülleten sistemlərinin tətbiqi genişləndirilib, teletibb xidmətlərinə keçid üzrə hazırlıq işləri aparılıb. Bu addımlar səhiyyə xidmətlərində şəffaflığın və operativliyin artmasına xidmət edib.

İnsan kapitalının gücləndirilməsi məqsədilə tibb təhsilində islahatlar davam etdirilib, davamlı peşəkar inkişaf və davamlı tibb təhsili mexanizmləri tətbiq olunub. Xüsusilə regionlarda tibbi kadr təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb.

2025-ci il üçün təsdiq edilmiş yeni qaydalara əsasən, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası prosesində köklü dəyişikliklər edilib. Artıq sertifikasiya yalnız imtahanla deyil, həm də DPİ balları (kreditləri) vasitəsilə həyata keçirilə bilər.

Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecində respublikamızda ilk dəfə olaraq “Optometriya” ixtisası üzrə kadr hazırlığı aparılır.

Orqan transplantasiyasında yeni mərhələ

2025-ci ilin ən mühüm nailiyyətlərindən biri də orqan və toxuma transplantasiyası sahəsində yeni mərhələnin başlanması olub. Normativ-hüquqi baza formalaşdırılıb, beyin ölümü meyarlarının təsdiqi təmin edilib, transplantasiya əməliyyatları icbari tibbi sığorta ilə əhatə olunub. “Cornea bankı”nın yaradılması və meyit donordan ilk ürək transplantasiyasının həyata keçirilməsi tarixi hadisə kimi qiymətləndirilir. Azərbaycan bu sahədə TÜRKTRANSPLANT platforması çərçivəsində regional əməkdaşlığa qoşulub. İlk meyit donordan ürək transplantasiyası oktyabrın sonunda həyata keçirilib – bu, Qafqaz regionunda ilk belə əməliyyatdır və fevralda ilk meyit orqan alınması ilə başlanıb. Hal-hazırda 600-dən çox şəxs ölümündən sonra donor olmaq istəyini bildirib.

Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laporoskopik əməliyyat uğurla həyata keçirilib. Bu hadisə ölkə səhiyyəsi üçün yeni, böyük perspektivlər vəd edən inqilabi mərhələnin başlanğıcı hesab olunur.

Yenilənmiş qan bankları

İqlim dəyişikliyi və sağlamlıq mövzusu da səhiyyə gündəliyində xüsusi yer tutub. Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal miqyasda sağlamlıq və iqlim əlaqələrinin müzakirəsinə mühüm töhfə verib, “One Health” və sağlamlıq təhlükəsizliyi istiqamətində təşəbbüslər irəli sürüb.

2025-ci ilin dekabrında Baş nazirin qərarı ilə qan banklarının yenilənmiş siyahısı təsdiq edilib. Bu siyahı Bakıda və ölkənin demək olar ki, bütün regionlarında fəaliyyət göstərən 40-dan çox qan bankını və transfuziya şöbəsini əhatə edir. Bununla yanaşı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi və sosial xidmətlərin genişləndirilməsi 2025-ci ilin sosial əhəmiyyətli nailiyyətləri sırasında xüsusi yer tutur.

“Ümumilikdə, 2025-ci il Azərbaycanda səhiyyə sisteminin modernləşdirilməsi, əhalinin sağlamlığının qorunması və gələcək inkişaf üçün möhkəm təməl yaradılması baxımından uğurlu il kimi qiymətləndirilir”, - Nazirlikdən bildirilib.

TƏBİB: Pasiyent təhlükəsizliyi, rəqəmsal səhiyyə və regionlarda əlçatanlığın artırılması hədəflərinə

TƏBİB də 2025-ci il ərzində səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın artırılması və idarəetmənin rəqəmsallaşdırılması istiqamətində bir sıra mühüm yeniliklər həyata keçirib.

Yurd.Media-nın sorğusuna cavab verən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, vətəndaşların tibbi məlumatlara daha rahat çıxışını təmin etmək məqsədilə TƏBİB-in əsas elektron xidmətləri “mygov” platformasına inteqrasiya olunub. Bu addım “Ailə həkimi”, “həkim müraciətləri”, “laborator nəticələr”, “tibbi arayışlar”, “göndərişlər” və diaqnostik müayinə nəticələrinə mərkəzləşdirilmiş çıxışı təmin edərək həm şəffaflığı artırıb, həm də vətəndaşların vaxtına qənaət edib.

Rəqəmsallaşma və tibbi xidmətin operativliyi

Rəqəmsal idarəetmə sahəsində daha bir əhəmiyyətli yenilik Nizami Tibb Mərkəzinin beynəlxalq HIMSS sertifikatı (EMRAM VI səviyyə) əldə etməsidir. Bu, elektron tibbi qeydiyyatın və xəstəxana idarəetməsinin beynəlxalq standartlara uyğunluğunu təsdiq edən mühüm göstəricidir.

Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində rəqəmsallaşdırma layihəsinə başlanılıb. Layihə çərçivəsində çağırışların qəbulu və yönləndirilməsi, briqadaların idarə olunması üçün vahid platforma, GPS əsaslı izləmə, real vaxt xəritə idarəetməsi və marşrutlaşdırma imkanları üzərində işlər davam edir.

Eyni zamanda, “Şəkərli Diabet Elektron Reyestri” yaradılıb. Bu reyestr diabet xəstələrinin məlumatlarının vahid bazada real vaxt toplanmasını, müalicə planlarının və təminat proseslərinin daha dəqiq idarə olunmasını mümkün edir.

Ölüm haqqında şəhadətnamələrin elektronlaşdırılması, əlilliyin müəyyənləşdirilməsi üzrə elektron sistemin funksionallığının artırılması və “Forma-088” moduluna laborator və instrumental nəticələrin avtomatik inteqrasiyası da proseslərin daha çevik və şəffaf aparılmasına xidmət edir.

Laboratoriya sahəsində də ciddi yeniliklər var. Ölkədə ilk dəfə autoimmun laboratoriyası yaradılıb, molekulyar mikrobioloji (PZR) laboratoriyalar yenidən qurulub və bir sıra müəssisələrdə testlərin yerində icrası təmin olunub. Hemofiliya dövlət proqramı çərçivəsində laborator xidmətlərin tam avtomatlaşdırılmış sistemlə icrası da xidmət keyfiyyətində yeni mərhələdir. Vərəm diaqnostikası üzrə “Genexpert” testlərinin tətbiqi nəticəsində daha dəqiq və operativ diaqnostika imkanları genişlənib.

Tibbi xidmətlərin çeşidinin artırılması istiqamətində Yeni Klinikada Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb. Bundan əlavə, bir sıra tibb müəssisələrində yeni şöbələr yaradılıb, müxtəlif ixtisaslar üzrə əməliyyat və prosedurların icrasına start verilib, regionlarda xidmət əlçatanlığı genişləndirilib.

Təminat sahəsindəki yeniliklər

Hemofiliyada innovativ “Emicizumab” preparatının təminata daxil edilməsi, kistoz fibroz xəstələri üçün enteral qida təminatına başlanması və 18 yaşdan yuxarı xəstələrin dərman təminatının ərazi poliklinikaları üzərindən təşkili, eləcə də ixtioz və bullyoz epidermoliz üzrə dərman və sarğı materialları təminatının icbari tibbi sığorta çərçivəsinə daxil edilməsi mühüm sosial yönümlü addımlardandır. Bu çərçivədə “Filsuvez” preparatının tətbiqinə də başlanılıb.

Dializ xidmətlərində əlçatanlığın artırılması məqsədilə Sumqayıt Tibb Mərkəzində yeni dializ şöbəsi açılıb, ilk dəfə olaraq proqram çərçivəsində 6 vətəndaş avtomatlaşdırılmış peritoneal dializə cəlb edilib.

Regionlarda xidmət keyfiyyətinin artırılması

İnsan resurslarının gücləndirilməsi istiqamətində 65 yaşdan yuxarı təcrübəli həkimlərin regionlarda işə cəlbi layihəsi, həmçinin “Mentor Klinika” mexanizmi tətbiq olunur. Bu yanaşma regionlarda xidmət keyfiyyətinin və ixtisaslı kadr təminatının gücləndirilməsinə xidmət edir.

“Qarşıdakı dövrdə də əsas hədəfimiz keyfiyyət, pasiyent təhlükəsizliyi, rəqəmsal səhiyyə və regionlarda əlçatanlığın artırılmasıdır. Növbəti ildən Yeni Klinika və Abşeron Rayon Mərkəzi Xəstəxanasında tam onlayn randevu sisteminin tətbiqinə başlanılması, eləcə də robotik cərrahiyyə istiqamətində hazırlıqların tamamlanması bu hədəflərin tərkib hissəsidir”, - TƏBİB-dən bildirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları