Mütəxəssislər vurğulayır ki, aparılan tədqiqatlara əsasən enerji içkilərinin orqanizmə göstərə biləcəyi zərərli təsirləri nəzərə almamaq mümkün deyil.
Yurd.Media xəbər verir ki, bu məsələ ilə bağlı həkim İrina Andreyeva bildirir ki, qanda laxtalanma prosesi iki fərqli səbəbdən baş verə bilər: birinci halda bu, qanaxmaya reaksiya olaraq meydana gəlir, ikinci halda isə ciddi ürək-damar problemləri zamanı ortaya çıxır. Enerji içkiləri isə qəbul edildikdən təxminən bir saat sonra qanın laxtalanma prosesini aktivləşdirir.
"Enerji içkiləri qanın laxtalanmasını təhrik edən çoxsaylı mexanizmlərlə doludur. Elmi araşdırmalar sübut edir ki, geniş yayılmış enerji içkilərinin qəbulu müxtəlif ürək-damar ağırlaşmalarına gətirib çıxarır. Bu ağırlaşmalar sırasında ürək aritmiyası, miokard infarktı və qanın laxtalanması kimi ciddi hallar yer alır. Bəs enerji içkilərinin tərkibində qanın laxtalanmasına yol açan hansı komponentlər var? Bu içkilərdə yüksək dozada kofein, taurin və digər stimullaşdırıcı maddələr mövcuddur ki, məhz bunlar qanın laxtalanmasını provokasiya edir", - deyə həkim İrina Andreyeva bildirib.
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.