Aralıq dənizi pəhrizinin kalori məhdudiyyəti, mütəmadi fiziki fəaliyyət və peşəkar yardımla kombinasiya edilməsi II tip şəkərli diabetin yaranma riskini 31% aşağı salır.
Yurd.Media xəbər verir ki, bu barədə "Science Daily" elmi jurnalında nəşr olunan tədqiqatda bildirilib.
Harvard Universitetinin professoru Frank Hu bəyan edib ki, hal-hazırda bəşəriyyət qlobal şəkərli diabet epidemiyası problemi ilə qarşı-qarşıyadır.
"Yüksək dərəcəli elmi sübutlara söykənən bu tədqiqatımız sübut edir ki, qidalanma və həyat tərzində kiçik, lakin ardıcıl dəyişikliklər bu xəstəliyin qarşısının alınmasına kömək edə bilər", – deyə o vurğulayıb.
Tədqiqat Avropada qidalanma və həyat tərzi sahəsində ən geniş miqyaslı klinik layihə hesab olunan "PREDIMED-Plus" proqramı çərçivəsində həyata keçirilib. Araşdırmaya 55-75 yaş aralığında olan, artıq bədən çəkisinə və metabolik sindroma malik, ancaq şəkərli diabet diaqnozu təsdiqlənməmiş 4276 könüllü cəlb edilib. Könüllülər iki qrupa ayrılıb: birinci qrup standart pəhriz qaydalarına əməl edib, ikinci qrup isə eyni pəhrizi kalori nəzarəti, orta intensivlikli fiziki məşğələlər (gəzinti və güc təlimləri daxil olmaqla) və çəki itkisi üzrə mütəxəssis köməyi ilə tamamlayıb.
Altı illik müşahidə dövrünün sonunda aydın olub ki, kompleks metoddan yararlanan qrupda diabetə yoluxma riski nəzarət qrupu ilə müqayisədə təxminən üçdə bir nisbətində azalıb. Bununla yanaşı, bu qrupun üzvləri orta hesabla 3,3 kq çəki itirib və bel çevrəsi ölçüsü 3,6 sm kiçilib. Digər qrupda isə müvafiq rəqəmlər yalnız 0,6 kq və 0,3 sm təşkil edib.
Navarra Universitetinin professoru Migel Martinez-Gonzales əldə edilmiş nəticələrin vacibliyini xüsusi qeyd edib.
"Əslində, kalori nəzarəti və fiziki aktivliyin Aralıq dənizi pəhrizinə əlavə olunması hər 100 nəfərdən təqribən 3-də diabetin formalaşmasının qarşısını aldı", – o söyləyib.