İdman meydanlarının dəmir biləkli cəngavərlərindən olan Röyal Mədətov 44 günlük Vətən müharibəsində kəskin baxışları və döyüş şücaəti ilə “Qara qartal” ləqəbini qazanmışdı. Uşaqlıqdan güləşə meyilli olan Röyal bir çox yarışda nailiyyətlər əldə etmişdi.
Yurd.Media xəbər verir ki, 2012-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmətə başlayan Röyal Mədətov 2020-ci il Vətən müharibəsində düşməndən qisas almaq arzusu ilə döyüşlərə qoşulub. Onun döyüş təcrübəsi də var idi. Bu təcrübəni 2016-cı ilin Aprel döyüşlərindən qazanmışdı. Döyüş yoldaşlarının təbirincə desək, “Qara qartal” ləqəbli, xüsusi təyinatlı dəstənin manqa komandiri, kiçik gizir Röyal Mədətov haqq savaşında öz snayperi ilə düşmənin bir çox canlı qüvvə və texnikasını məhv etmişdi. Kəskin görməsi və düzgün hədəf seçimi ilə təkcə bir atışda düşmənin üç maşın kalonunu partladıb, 100-ə yaxın hərbçisini məhv edib.
Bacısı Günay Nəbiyeva "Azərtac"a deyir ki, qardaşı hələ kiçik yaşlarından güləşlə məşğul olub, xeyli nailiyylətlərə imza atıb: “Həmişə yarışlardan qalibiyyətlə dönərdi. Evə medallar gətirərdi. Yəni, bir sözlə heç vaxt əliboş gəlməzdi. Həmişə anamı sevindirərdi ki, bax, mən nailiyyətlə, əlidolu gəlmişəm, çempion olmuşam.

Füzuli və Cəbrayıl rayonlarının işğaldan tamamən azad olunması zamanı xüsusi şücaəti ilə seçilən şəhid kiçik gizir Röyal Mədətov döyüşlərdə ağır yaralansa da, bu, onu müqqəddəs yolundan geri çevirməyib. Döyüş yoldaşları onu kəskin baxışları olduğu üçün “Qara qartal” ləqəbi ilə çağırıb. “Deyirdi böyüyəndə hərbçi olacağam. Hərb sənətinə də, idmana da böyük marağı var idi. Qardaşım mənim həm də sinif yoldaşım olub. On bir il bir sinifdə təhsil aldıq. O, mənim həm qardaşım, həm dostum, həm sirdaşım, həm də dərd ortağım idi. Vətən müharibəsi zamanı döyüşlərin birində yaralansa da, bunu bizə demədi. Biz bunu başqalarından eşitdik. Xəstəxanadan çıxdıqdan sonra tam sağalmamış yenidən döyüşlərə qatıldı. Qardaşımla həmişə fəxr etmişəm, bu gün də onunla qürur duyuram” - deyə şəhid Röyal Mədətovun bacısı Günay Nəbiyeva bildirib.
Röyal Mədətov 2020-ci il oktyabrın 22-də Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Döyüşlərdəki şüacətinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın, Kəlbəcərin, Xocavəndin, Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Ailəli olan şəhid Röyal Mədətov Qazax rayonun Hüseynbəyli kənd qəbiristanlığında dəfn edilib.