Azərbaycanda dəmir yolu ilə daşınan yüklərin xarici yük avtomobillərinə ötürülməsi zamanı tətbiq edilən yol vergisi güzəşti gələn ildən qüvvədən düşə bilər.
Yurd.Media "Operativ Media"ya istinadən xəbər verir ki, xarici dövlətlərə məxsus müəyyən yük avtomobilləri, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün tətbiq olunan yol vergisindən azadolmanın müddəti gələn ildən başa çatır.
Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2025-ci il yanvarın 1-dən 2 il müddətinə yol vergisindən azad edilib.
Güzəşt dəmir yolu ilə daşınan yüklərin Azərbaycanda müəyyən edilmiş son dəmir yolu stansiyasında xarici yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındığı hallara şamil olunur.
Bundan başqa, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklərin digər dövlətin ərazisindən Azərbaycandakı müəyyən edilmiş ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşınması da yol vergisindən azaddır.
Beləliklə, 2025-ci il yanvarın 1-dən başlayan 2 illik müddət 2026-cı ilin sonunda başa çatır. Bu səbəbdən güzəştin müddəti uzadılmadığı və ya başqa qayda müəyyən edilmədiyi halda, 2027-ci il yanvarın 1-dən qeyd olunan hallarda yol vergisindən azadolma tətbiq olunmayacaq.
Qeyd edək ki, sözügedən güzəştlərin müddətinin uzadılması ilə bağlı hələlik aidiyyəti rəsmi qurumlardan heç bir açıqlama verilməyib.