Milli Depozit Mərkəzi Yurd.Media saytının dərc etdiyi departament və şöbə rəhbərləri təyinatı xəbəri ilə bağlı açıqlama yayıb.
Mərkəzin məlumatında qeyd olunur ki, yeni kadr təyinatlarının həyata keçirilməsi ilə bağlı yayımlanmış məlumatlar həqiqəti əks etdirmir.
"Bildiririk ki, 2026-cı ilin mart ayında Milli Depozit Mərkəzinin təşkilati strukturunda müvafiq dəyişikliklər həyata keçirilmiş, bu çərçivədə bir sıra struktur bölmələrinin, o cümlədən müvafiq departamentlərin adları dəyişdirilmişdir.
Təşkilati strukturda edilmiş dəyişikliklərə uyğun olaraq, Milli Depozit Mərkəzinin rəsmi internet səhifəsində aidiyyəti əməkdaşların vəzifə adları yeni struktur bölmələrinin adlarına uyğunlaşdırılmışdır. Sözügedən dəyişikliklər yeni kadr təyinatı deyil, yalnız təşkilati strukturun yenilənməsindən irəli gələn vəzifə adlarının texniki uyğunlaşdırılması xarakteri daşıyır.
Təəssüf ki, bəzi media orqanları rəsmi internet səhifəsində əks olunan bu dəyişiklikləri Milli Depozit Mərkəzi ilə dəqiqləşdirmədən yeni təyinat kimi təqdim etmişdir.
Milli Depozit Mərkəzi media nümayəndələrini qurumun fəaliyyəti və kadr məsələləri ilə bağlı məlumatları yayımlamazdan əvvəl rəsmi mənbələr əsasında dəqiqləşdirməyə çağırır.
Qeyd edirik ki, Milli Depozit Mərkəzində həyata keçirilən mühüm struktur və kadr dəyişiklikləri barədə ictimaiyyətə məlumat qurumun rəsmi kommunikasiya kanalları vasitəsilə təqdim edilir", - deyə məlumatda qeyd olunub.
Yurd.Media öz növbəsində dərc etdiyi xəbərin mənbəyini təqdim edir.
Belə ki, hər 3 şəxsin təyin olunması ilə bağlı məlumat Milli Depozit Mərkəzinin rəsmi saytından əldə olunub.
Saytda yerləşdirilmiş məlumatlara nəzər yetirdikdə Tərlan Məmmədovun 2026-cı ilin may ayından MDM Korporativ idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edildiyi görünür.

Məmmədyar Novruzovun da 2026-cı ilin iyul ayından Mərkəzin İnformasiya Təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsində çalışdığı qeyd olunub.

Zülfüqar Qayıbov isə 2026-cı ilin mart ayından MDM-in Satınalma və İnzibati İdarəetmə departamentinin direktoru vəzifəsində çalışdığı görünür.
