SÜJET
Yekaterinburqda iyunun 27-də OMON-un hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib.
Yurd.Media xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosu məlumat verib.
Onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.
Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
***12:04
Yekaterinburqda iyunun 27-də vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələrinin təhvil verilməsi prosesinə başlanılıb.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan almasını həyata keçirir.
Hazırda cənazələrin təhvil alınması üçün sənədləşmə işləri aparılır.