Yaxın Şərqin tarix, fəlsəfə, ədəbiyyat və incəsənətini siyasi gündəmdən kənar, daha geniş mədəni kontekstdə Azərbaycan oxucusuna təqdim edən yeni layihə start götürüb.
Yurd.Media xəbər verir ki, Azərbaycanın informasiya məkanında keyfiyyətcə yeni mərhələnin əsasını qoymağı hədəfləyən, Yaxın Şərq regionunun çoxəsrlik mədəni, tarixi və bədii irsini dərindən araşdırıb oxuculara çatdıracaq ixtisaslaşmış media orqanı - ArabAZ ("Ən yaxın Şərq") layihəsi rəsmi olaraq fəaliyyətə başlayıb.
Layihənin təsisçisi və rəhbəri, tanınmış jurnalist və analitik Rufiz Hafizoğludur. Uzun illərdir regionun tarixi, geosiyasəti, ictimai və mədəni dinamikası üzrə apardığı araşdırmalarla tanınan Hafizoğlu bildirib ki, layihənin əsas qayəsi Azərbaycan oxucusuna Yaxın Şərqi quru siyasi polemikalar və qarşıdurmalar prizmasından deyil, onun əsl ruhunu təşkil edən fəlsəfəsi, klassik və müasir ədəbiyyatı, zəngin sənət mühiti kontekstində tanıtmaqdır.
Platformanın yaradılmasında başlıca məqsəd Şərq mədəniyyəti ilə Azərbaycan oxucusu arasında mövcud olan tarixi-mənəvi telləri bərpa etmək, iki coğrafiyanın ədəbi və fəlsəfi baxışlarını müasir media standartlarına uyğun formada birləşdirməkdir. Resurs, auditoriyaya ötəri və şablon informasiya axını əvəzinə, hər biri dərin araşdırmaya söykənən elmi-kütləvi təhlillər və analitik esselər təqdim etməyi hədəfləyir.
ArabAZ-da ərəb və Şərq dünyasının mədəni palitrasını bütün çalarları ilə əks etdirən geniş spektrli rubrikalar fəaliyyət göstərir:
Tarix lenti və Tarixdə bu gün: Regionun keçmişinə işıq salan, dönüş nöqtəsi sayılan hadisələri və unudulmuş tarixi qatları günbəgün oxucuya çatdıran xronoloji tədqiqatlar;
Ədəbi irs və Kitab icmalları: Klassik ərəb nəsrindən tutmuş dünya ədəbiyyatının incilərinə qədər müxtəlif əsərlərin fəlsəfi təhlilini, mütaliə mədəniyyətini aşılayan analitik baxışlar;
Kino və İncəsənət: Şərq kinematoqrafiyasının estetikası, teatr ənənələri, vizual sənət cərəyanları və kino təhlilləri;
Musiqi və Folklor: Ərəb xalq mahnılarının arxa planı, muğam və klassik Şərq musiqisinin paralelləri, Şərq vokal məktəbinin görkəmli simaları ilə Azərbaycan musiqi sənəti arasındakı müqayisəli etüdlər;
Şəhərlər və Memarlıq abidələri: Qədim Şərq şəhərlərinin sivilizasiya tarixindəki izi, İslam memarlığının incəlikləri və urbanistik mədəniyyət.
Rufiz Hafizoğlunun sözlərinə görə, ArabAZ təkcə gündəlik xəbər oxunan sayt deyil, eyni zamanda düşüncə mərkəzi, intellektual müzakirə məkanı və region üzrə etibarlı mənbə olacaq. Platformada yer alacaq bütün materiallar dilimizin saflığına, leksik və qrammatik norma qaydalarına ciddi riayət edilməklə, oxucunun zövqünü oxşayan zəngin bir dildə təqdim olunur.
Müasir texniki tələblərə cavab verən dizaynı, oxunaqlı tərtibatı və zəngin vizual həlli ilə seçilən portal artıq geniş oxucu auditoriyasının istifadəsinə verilib.Saytın yaxın zamanda dilində də fəaliyyə başlaması planlaşdırılır.