SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Türkiyəli ekspert: “Zəngəzur dəhlizi həm strateji fürsət, həm də geosiyasi risklər daşıyır”

Türkiyəli ekspert: “Zəngəzur dəhlizi həm strateji fürsət, həm də geosiyasi risklər daşıyır”

Cənubi Qafqazın ən mühüm strateji layihələrindən biri hesab edilən Zəngəzur dəhlizi həm infrastruktur, ticarət və enerji potensialı, həm də regional güc balansına təsiri ilə gündəmdədir.

Türkiyəli siyasi elmləri və beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru, siyasət elmləri üzrə mütəxəssis, xarici siyasət eksperti, Rusiya, Azərbaycan və Cənubi Qafqaz üzrə tədqiqatçı Mehmet Gökhan Özçubukçu Yurd.Media-ya müsahibəsində bildirib ki, Zəngəzur dəhlizinin gələcəyi həm infrastruktur–ticarət potensialı, həm də geosiyasi risklər əsasında formalaşır:

“Zəngəzur dəhlizinin ABŞ-da TRIPP anlaşması çərçivəsində ABŞ dəstəkli konsorsium tərəfindən 2028–2029-cu ilə qədər tamamlanması gözlənilir. Dəmiryolu, avtomobil yolu, enerji ötürmə xətləri və rabitə infrastrukturu birlikdə planlaşdırıldığı üçün regional ticarət potensialında sıçrayış yarada bilər. Türkiyə–Azərbaycan–Orta Asiya arasında fasiləsiz quru bağlantısı təmin olunarsa, daşınma müddətləri və xərcləri azalacaq; Bakı–Tiflis–Qars xətti ilə inteqrasiya olunacaq".

Onun sözlərinə görə, geosiyasi risklər baxımından isə bu, Qərbin bölgədə təsirinin artması deməkdir:

"ABŞ-nin 99 illik istismar haqqı, Cənubi Qafqazda uzunmüddətli mövcudluq anlamına gəlir. Diplomatik təzyiq, sərhəd gərginlikləri və ya alternativ dəhliz dəstəkləri (Araz dəhlizi) prosesi çətinləşdirə bilər. Paşinyandan sonra hakimiyyət dəyişikliyi layihəni dayandıra və ya dəyişdirə bilər. Layihənin reallaşması bölgədə sülh ehtimalını artıra bilər, amma böyük güclərin rəqabəti tamamilə ortadan qalxmaz".

Mehmet Gökhan ÖzçubukçuMehmet Gökhan Özçubukçu

Eyni zamanda xarici siyasət üzrə ekspert qeyd edib ki, Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Türkiyə üçün geosiyasi sıçrayış fürsətidir:

"Əgər doğru strategiyalar izlənilərsə, Azərbaycan və Türkiyə Asiya–Avropa daşımalarında əsas ölkələr halına gələr, enerji və rəqəmsal infrastrukturda tranzit ölkədən çıxıb regional gücə çevrilər, Türk dünyası ilə fiziki inteqrasiya təmin olunmuş olar. Ancaq bu proses çoxtərəfli diplomatiya, regional balans siyasəti və təhlükəsizlik infrastrukturu tələb edir. Əks halda, bu dəhliz fürsətdən çox sabitlik üçün risk mənbəyinə çevrilə bilər”.

Mehmet Gökhan Özçubukçu, İran və Rusiyanın layihəyə qarşı açıq şəkildə strateji müqavimət göstərdiyini vurğulayıb:

“İran və Rusiyanın son dövrlərdə Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı mövqeləri həm ictimai bəyanatlarda, həm də diplomatik addımlarda açıq şəkildə ortaya qoyulub. Bu iki aktorun yanaşması layihənin gələcəyini birbaşa təsir edə biləcək strateji dinamiklər daşıyır. Rusiya və İran həm iqtisadi, həm də strateji baxımdan dəhlizin işə düşməsindən narahatdır. İran, Zəngəzur dəhlizini "qırmızı xətt" adlandırır. İran Məclisi Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Ebrahim Azizi bu dəhlizin qəbuledilməz olduğunu və buna qarşı "qətiyyətli cavab" veriləcəyini açıqlayıb. İran, dəhlizin reallaşması halında, Ermənistan üzərindən keçəcək yeni marşrutun öz regional çıxışını və tranzit gəlirlərini zəiflədəcəyini düşünür. İranın müqaviməti, Ermənistandakı siyasi tərəddüdlər və seçki prosesləri qeyri-müəyyənlik yaradır. Rusiya hazırda Ukrayna müharibəsi ilə məşğuldur. Əgər Rusiya Ukrayna məsələsində əlini rahatladarsa, yönünü Cənubi Qafqaza çevirəcək. Çünki bu bölgədə "yaxın xaric" doktrinası ilə hərəkət edərək Qərbin bölgəyə nüfuz etməsindən narahatlıq duyur. Bunun ən böyük nümunəsini 2008-ci il Gürcüstan hadisələrində görmüşdük".

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizinə alternativlər də nəzərdən keçirilir:

"Məsələn, İran ərazisindən keçəcək "Araz dəhlizi" kimi alternativ marşrutlar həm logistika, həm də siyasi planlarda gündəmdədir. Bu mərhələdə Rusiya öz nəzarətində logistika yolları açaraq Zəngəzurun əhəmiyyətini azaltmağa çalışa bilər. Həm Rusiyanın, həm də İranın layihə ilə bağlı sərt ritorikası və gələcək diplomatik addımları regional sabitliyi təhdid edir. Bu baxımdan Zəngəzur dəhlizi həm infrastruktur, həm də diplomatik səviyyədə mühüm potensiala malikdir. Əgər imzalanmış müqavilə icra olunarsa, 2028–2029-cu illərdən etibarən aktiv ola bilər. Ancaq bu proses Ermənistandakı siyasi quruluş, İran və Rusiyanın reaksiyaları və beynəlxalq dəstəyin davamlılığı kimi faktorlardan asılı olaraq irəliləyəcək”.

Siyasi elmləri və beynəlxalq münasibətlər üzrə fəlsəfə doktorunun sözlərinə görə, dəhliz Türk dünyası üçün mühüm strateji imkanlar yaradır, lakin riskləri də nəzərə almaq lazımdır:

 “Zəngəzur dəhlizinin açılması Türk dünyası üçün həm strateji imkanlar, həm də nəzərə alınmalı olan risklər yaradır. Layihə ilə Türkiyədən başlayıb Azərbaycan üzərindən Orta Asiyaya uzanan birbaşa quru/dəmiryolu xətti yaranır. Türkiyə–Azərbaycan–Orta Asiya ticarət xətti güclənir. Türk Dövlətləri Təşkilatı iqtisadi və siyasi təsirini artırır. CƏnubi Qafqaz İpək Yolunun müasir versiyasında əsas mərkəzə çevrilir. Daşınma müddətləri qısalır, xərclər azalır; xüsusilə Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə ticarət həcmi artır. Çin–Avropa ticarətində Bakı–Tiflis–Qars xəttinə əlavə strateji bir marşrut əlavə olunur. Azərbaycan və Türkiyə Orta Dəhlizin əsas ölkələri halına gəlir və Orta Dəhliz güclənir. Türk dünyası geosiyasi baxımdan güclənir və Türk Dövlətləri Təşkilatı (TDT) konkret iqtisadi–logistika infrastrukturuna sahib olur. Türk dünyası arasında enerji və müdafiə əməkdaşlığı asanlaşır; Xəzər keçişli layihələr dəstəklənir. Regional inteqrasiya Qərb–Şərq xəttində danışıqlar gücünü artırır. Xalqlar arasında keçid asanlaşır; turizm, təhsil və mədəni əməkdaşlıq artır. Təbii ki, Zəngəzur dəhlizinin reallaşması ilə meydana gələ biləcək mümkün risklər də var. Dəhlizin ABŞ tərəfindən istismarı Çin və Rusiyanın əks strategiyalar hazırlamasına səbəb ola bilər. Dəhlizin Ermənistan ərazisindən keçməsi daxili siyasi böhranlar və ya hakimiyyət dəyişikliyində layihəni zəif hala gətirə bilər. Sərhəd bölgələrində mümkün diversiyalar və ya silahlı təxribatlar keçid təhlükəsizliyini riskə ata bilər. ABŞ-ın 99 illik istismar haqqı Türk dünyasının öz logistika şəbəkələrinə nəzarətini məhdudlaşdıra bilər. Tək bir marşruta həddindən artıq bağlılıq, böhran anlarında iqtisadi həssaslıq yarada bilər. Fürsət baxımından, Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirəcək, geosiyasi çəkisini artıracaq və mədəni birlik hissini gücləndirəcək bir layihədir. Risk baxımından isə regional güclərin reaksiyaları, təhlükəsizlik məsələləri və xarici nəzarət faktoru diqqətli diplomatiya və müxtəlifləşdirilmiş strategiyalar tələb edir.”



Gövhər Mərdanova

Prime Leasing