Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir.
Yurd.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.
"Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər" - dövlət başçısı qeyd edib.
O bildirib ki, dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır.
Qeyd edək ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilib.
Qurultayda Eldar Quliyev yenidən səsvermə yolu ilə Azərbaycan Ağsaqqallar Şurasına sədr seçilib, yeni üzvlər qəbul olunmaqla İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının tərkibi formalaşdırılıb.
Şuranın Nizamnaməsi əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada qəbul olunub.
Həmçinin Qurultayın nümayəndələri adından Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının keçirilməsi ilə bağlı məlumat məktubunun göndərilməsi qərara alınıb və Prezident İlham Əliyevə müraciət qəbul edilib.