Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
Yurd.Media xəbər verir ki, turun son oyunu “Turan Tovuz” və “Qəbələ” komandaları arasında keçirilib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş Tovuz təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi matçda hesabı 3-cü dəqiqədə “canavarlar”ın müdafiəçisi Hayderson Hurtado açıb.
Qəbələ komandası 27-ci dəqiqədə Eşqin Əhmədovun qolu ilə hesabı bərabərləşdirib.
Hurtado 49-cu dəqiqədə dubl edərək klubunu önə keçirib. 10 dəqiqə sonra Joarlem Santos “Turan Tovuz”un üçüncü qolunu vurub.
Görüşün 90+7-ci dəqiqəsində isə “Qəbələ” rəqibin futbolçusu Roderik Millerin avtoqolu ilə fərqi minimuma endirib.
Bununla da turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Turan Tovuz” xallarının sayını 48-ə çatdırıb. “Qəbələ” 16 xalla 11-ci sıradadır.
Qeyd edək ki, turun digər oyunlarında “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan-Yevlax”ı, “Kəpəz” isə evdə “Qarabağ”ı eyni - 1:0 hesabı ilə məğlub edib. Lider “Sabah” “Sumqayıt”ı 3:1, “Neftçi” isə “İmişli”ni 6:0 hesabı ilə üstələyib.