Yurd.Media AFFA Region Liqasının Şimal zonası üzrə B qrupunda mübarizə aparan “Vətən Naminə” Futbol Klubunun prezidenti, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın Sportify.az-a müsahibəsini təqdim edir
– Bu klubu yaratmaq ideyası necə ortaya çıxdı?
– “Vətən Naminə” FK-nın yaradılması ideyası Vətənə bağlılıq, şəhidlərimizin adını yaşatmaq və Quba futboluna yeni nəfəs vermək istəyindən yaranıb. Bir şəhid anası olaraq mənim üçün bu klubun adı xüsusi mənəvi dəyər daşıyır. Bu, sadəcə futbol komandası yaratmaq deyil, həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək, gənclərimizə dəstək olmaq və gələcək nəsillərə örnək olmaq məqsədidir.
Klubun yaradılması ideyası isə belə ortaya çıxdı: Nəvəm gəlib dedi ki, komandamız var, istəyirik şəhidin adını verək. Açığı, buna icazə vermədim. Çünki Miqdadın adını futbol komandasına vermək həm düzgün deyil, həm də yalnız oğlumun adının çəkilməsini istəmədim. “Vətən Naminə” adını verməyi və bununla da bütün şəhidləri təmsil etməyi münasib saydığımı bildirdim. İnanıram ki, xeyirli olar.

– Klubun rəhbərliyi, baş məşqçisi və futbolçuları kimlərdən formalaşıb?
– “Vətən Naminə” FK-nın prezidenti özüməm. Baş məşqçimiz Kamran Əlibabayevdir. Veteran futbolçudur, qusarlıdır. Məşqçimiz Elçin Şahbazovdur, idmansevər mütəxəssisdir. Heyətimiz Quba, Qusar və Xaçmaz futbolçularından formalaşıb.
Klubun rəhbərliyi, məşqçi heyəti və futbolçuları vahid məqsəd ətrafında birləşiblər. Bizim üçün əsas olan komanda ruhu, intizam, məsuliyyət və Vətənə bağlılıqdır. “Vətən Naminə” adını daşımaq böyük məsuliyyətdir. Bu adı hər bir futbolçumuz həm meydanda, həm də davranışında doğrultmalıdır.
– Komandanın qarşısına qoyulan məqsəd nədir?
– Əsas məqsədimiz Qubada futbol ənənələrini bərpa etmək, gənclərimizə imkan yaratmaq və Region Liqasında layiqli nəticələr əldə etməkdir. İstəyirik ki, Qubanın istedadlı gəncləri öz doğma bölgələrində futbol oynamaq, inkişaf etmək və gələcəkdə daha böyük arenalara çıxmaq imkanı qazansınlar. Məqsədimiz yalnız qələbə deyil, həm də sağlam, vətənpərvər və məsuliyyətli gənclər yetişdirməkdir.

– Bəs özünüzün futbola marağınız hansı səviyyədədir?
– Hələ sovet dövründən atam və qardaşımgil futbola baxırdılar. Yadımdadır, dünya çempionatı öncəsi atam köhnə televizorun əvəzinə yeni, rəngli “Raduqa” televizoru aldı. Ailə olaraq idmana meylimiz çoxdur, idmanı sevirəm. Ümumiyyətlə, təbiətən hər şeylə maraqlanıram.
Həm də Qubamızda futbol çox zəifdir. İstədim ki, bir şəhid anası kimi futbola dəstək olum, uşaqlarımızı pis əməllərdən qoruyaq, onları idmana cəlb edək. Qoy, onların sağlamlıqları yerində olsun. Eyni zamanda, oğlum Miqdadın və onun timsalında şəhidlərimizin adına layiq işlərimizi davam etdirim. Çünki Vətənə xidmət təkcə şəhidlikdən ibarət deyil, hərə öz çərçivəsində, öz sahəsi üzrə iş görsə, bunun özü də Vətənə xidmət kimi sayılar.
– Qubada peşəkar futbol komandasının olmaması sizə necə təsir edir?
– Quba kimi böyük potensiala, istedadlı gənclərə və futbol azarkeşlərinə malik bir bölgənin uzun illər yüksək səviyyəli futbol komandası ilə təmsil olunmaması təəssüf doğurur. Biz bu boşluğu doldurmaq üçün addım atmışıq. Ancaq futbolun inkişafı yalnız bir klubun üzərinə düşən məsuliyyət deyil. Yerli qurumların, sahibkarların və ictimaiyyətin dəstəyi vacibdir. Quba futbolunun inkişafı üçün birlikdə çalışmalıyıq.

– “Səbail” klubunun adını dəyişərək Qubada oynayacağı deyilir. Bu barədə nə deyə bilərsiniz?
– Bu barədə yayılan məlumatları eşitmişəm. Əgər belə bir qərar qəbul olunarsa, bunun Quba futboluna nə dərəcədə fayda verəcəyini zaman göstərəcək. Əlbəttə, Qubada yüksək səviyyəli futbolun olması hər birimizin arzusudur. Amma mənim üçün əsas məsələ yerli futbolun, Quba gənclərinin və “Vətən Naminə” FK-nın inkişafıdır. Qubaya gələn hər bir futbol layihəsini dəstəkləyirik, lakin yerli komandanın da diqqətdən kənarda qalmaması vacibdir.
– Komandanın şəhidlərin adına layiq çıxış etməsi üçün hansı addımlar atılır?
– Bir şəhid anası olaraq deyə bilərəm ki, şəhidlərimizin adını yaşatmaq yalnız sözlərlə deyil, əməllərlə mümkündür. “Vətən Naminə” FK-nın hər bir üzvü bilməlidir ki, bu adın arxasında Vətən uğrunda canlarından keçən oğullarımızın müqəddəs xatirəsi dayanır. Biz komandada vətənpərvərlik, intizam, birlik və məsuliyyət prinsiplərini əsas tuturuq.
Futbolçularımızdan meydanda sonadək mübarizə aparmağı, qələbəyə inanmağı və heç vaxt təslim olmamağı gözləyirik. Mənim üçün hər qələbə şəhidlərimizin xatirəsinə ehtiram, hər mübarizə isə onların bizə əmanət etdiyi Vətənə sədaqətdir. İstəyirik ki, bu komanda yalnız futbol meydanında deyil, cəmiyyətə verdiyi mesajla da örnək olsun.

– İlk oyun haqqında fikirləriniz necədir?
– Komandamız “Qobustan”a qarşı səfər matçını 2:2 hesablı heç-heçə ilə başa vurdu. Əlbəttə, hər komandanın məqsədi qələbədir, amma futbol yalnız hesabdan ibarət deyil. Meydanda göstərilən mübarizə, əzmkarlıq və komanda ruhu da çox önəmlidir.
Bir şəhid anası və “Vətən Naminə” FK-nın rəhbəri olaraq istəyim budur ki, komandamız hər zaman adına layiq mübarizə aparsın. Bizim daşıdığımız ad böyük məsuliyyətdir. Bu ad Vətən uğrunda canlarından keçən oğullarımızın ruhuna və onların bizə əmanət etdiyi gələcəyə bağlıdır.
Qubada futbolun yenidən canlanması üçün bu yola çıxmışıq. Komandamıza inanırıq, futbolçularımızın daha böyük uğurlar qazanacağına əminik. Bir xal qazandıq, qarşıda isə daha böyük hədəflərimiz var. “Vətən Naminə” – yalnız futbol deyil, Vətənə sədaqət, birlik və şəhidlərimizin adına layiq yaşamaq deməkdir.

– Ev oyunlarınızı Qusarın Şirvanlı kəndində keçirməyinizin səbəbi nədir?
– Səbəbi Qubada stadionun olmamasıdır.
– Maliyyə məsələlərini necə həll etmisiniz?
– Maliyyəni özümdən, daha dəqiqi, şəhid oğlum üçün dövlətin ödədiyi aylıq müavinətdən xərcləyirəm. Hələlik sponsorumuz yoxdur. Bir potensial sponsorla danışıqlar aparırıq, amma hələlik məsələ həllini tapmayıb. İnanıram ki, bundan sonra kluba dəstək olanlar tapılar.
Elşən Məmmədov