Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə işıq olmayacaq

  • 21 aprel 2025, 21:34

Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 22-də bir sıra ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Yurd.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, saat 11:00-dan saat 13:00-dək Lənkəranın Şiləvar, Digah kəndləri, Qalayçılar və Kürə adlanan ərazilərində, saat 11:00-dan saat 15:00-dək Masallıda şəhər ərazisinin bir hissəsi, eləcə də Puşkin, Nəriman Nərimanov, Füzuli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Həmçinin, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma işləri və yeni güc mənbəyinin quraşdrılması ilə əlaqədar 22 aprel tarixində bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Sulutəpə və Çiçək qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.