Son dövrlər bir sıra ictimai iaşə və xidmət obyektlərinin reklam lövhələrinin sökülməsi ilə bağlı aparılan proses sahibkarlar arasında narazılıq yaradıb.
Yurd.Media-ya daxil olan müraciətlərdə sahibkarlar reklam lövhələrinin hazırlanması xərclərinin artdığını, bəzi hallarda isə vahid dizayn həllindən istifadənin tələb olunduğunu iddia edirlər. Onların sözlərinə görə, bu vəziyyət xüsusilə kiçik və orta biznes subyektləri üçün əlavə maliyyə yükü yaradır.
Mövzu ilə bağlı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin interyer-dizayn fənn müəllimi, memar-dizayner Ayşən Həsənova Yurd.Media-ya bildirib ki, reklam lövhələri ilə bağlı ölçü, təhlükəsizlik və yerləşdirmə kimi texniki standartların tətbiqi şəhər estetikası baxımından vacibdir. Lakin onun fikrincə, bütün obyektlərin eyni dizayn həllinə məcbur edilməsi şəhərin vizual müxtəlifliyini azaldır, müəssisələrin brend kimliyinə və fərqlənmə imkanlarına mənfi təsir göstərir.
memar-dizayner Ayşən HəsənovaEkspert qeyd edib ki, yüksək xərc tələb edən yeni reklam lövhələri kiçik və orta sahibkarlar üçün əlavə maliyyə yükü yaradır. O hesab edir ki, optimal yanaşma vahid dizaynın deyil, vahid texniki və estetik qaydaların tətbiqidir. Bu halda sahibkarlar müəyyən edilmiş standartlara əməl etməklə yanaşı, öz brend kimliklərini də qoruyub saxlaya bilərlər.
Azərbaycan Dövlət Reklam Agentliyi Yurd.Media-nın sorğusuna cavab olaraq məcburi dizayn standartı müəyyən edilmədiyini və reklam lövhələrinin konkret dizayn həllinin tələb olunmadığını bildirib. Qurum qeyd edib ki, Agentliyin məqsədi reklam qurğularının texniki, təhlükəsizlik, memarlıq-estetik və şəhərsalma tələblərinə uyğun yerləşdirilməsini təmin etməkdir.

Agentlik həmçinin vurğulayıb ki, reklam lövhələrinin hazırlanması üzrə qiymətlərin müəyyən edilməsi onun səlahiyyətlərinə aid deyil və bu sahədə xidmətlərin dəyəri bazar prinsipləri əsasında formalaşır. Bildirilib ki, sahibkarlar qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə reklam lövhələrinin hazırlanması üçün istənilən istehsalçı və ya podratçı şirkətə müraciət etməkdə sərbəstdirlər.