Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs Qarik Martirosyan Azərbaycan hərbçilərinin mövqeləri istiqamətində atəş açdığını etiraf edib.
“Yurd.media”nın məlumatına görə, məhkəmədə ona dövlət ittihamçısı Vüsal Abdullayev tərəfindən suallar ünvanlanıb. Təqsirləndirilən şəxs suallara cavabında Ermənistan ordusunun tərkibinə 1993-cü ildə keçdiyini, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində - Əsgəran rayonunun Ağbulaq və Ağdam rayonunun Sarıcalı kəndində döyüşlərə qoşulduğunu vurğulayaraq bildirib:
“Qoşulduğum silahlı dəstə “Əsgəran alayı” adlandırılırdı, komandiri Vitali Balasanyan idi”.
Bundan başqa, təqsirləndirilən şəxs 1993-cü ildə əsasən Ağdam və Ağdərə istiqamətlərində Ermənistan ordusunun tərkibində döyüşlərdə atıcı kimi iştirak etdiyini, qondarma rejimin “prezidenti” tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunduğunu söyləyib.
O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında 44 günlük müharibə zamanı Əsgəranda döyüşlərdə olduğunu və kənd ətrafında qurulmuş postlarda dayandığını bildirib.
Təqsirləndirilən şəxs əlindəki “Kalaşnikov” markalı avtomatdan Azərbaycan hərbçilərinin mövqeləri istiqamətində atəş açdığını da etiraf edib.