“İdeal Kredit" bank olmayan kredit təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) kredit borcuna görə məhkəməyə müraciət edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “İdeal Kredit BOKT” MMC müştəriləri olan ata-oğul Şükran və Cavid İbrahimovlara qarşı pul tələbi ilə Hacıqabul Rayon Məhkəməsində iddia qaldırıb.
BOKT cavabdehlərdən 1703 manat əsas borc, 170 manat dəbbə pulu olmaqla, ümumilikdə 1873 manat borcun və 39 manat dövlət rüsumunun tutulmasını istəyib.
Daha sonra şirkət iddia tələbini dəqiqləşdirərək 2024-cü ildə bağlanmış kredit və zaminlik müqavilələri üzrə 591 manat əsas borc, 187 manat faiz və 133 manat cərimə olmaqla, ümumilikdə 911 manat borcun tutulmasını tələb edib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, kredit müqaviləsi üzrə zamin olan Şükran İbrahimov vəfat edib. Bu səbəbdən BOKT ona qarşı iddia tələbindən imtina edib və borcun Cavid İbrahimovdan tutulmasını istəyib.
Məhkəmə iddia tələbini qismən təmin edərək cərimə borcunu 41 manata endirib. Nəticədə Cavid İbrahimovdan 591 manat əsas borc, 187 manat faiz, 41 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 849 manatın “İdeal Kredit BOKT” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılıb.
Şükran İbrahimova qarşı iddia tələbi üzrə icraata xitam verilib.