"PAŞA Bank" Azərbaycanın bölgələrində fəaliyyətini əsasən regional mərkəzlərdən idarə etmə ilə qurmaqda davam edəcək.
Bunu "PAŞA Bank"ın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələri ilə bağlı mətbuat konfransında Yurd.Media-nın sualına cavab olaraq Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib.

Bank tərəfindən korporativ sektora daha çox diqqət ayrıldığını bildirən B.Nagıyev ölkənin istənilən nöqtəsində fəaliyyət göstərən müştəriləri üçün əlçatanlığın olduğunu vurğulayıb.
O həmçinin qeyd edib ki, "PAŞA Bank" 2026-cı ilin ilk yarısında qeyri-neft sektorunun əsas sahələri üzrə kredit portfelini 13,2 faiz artıraraq 3,31 mlrd. manata çatdırıb.
"Qeyri-neft iqtisadiyyatının nominal ifadədə 6,5 faiz, real ifadədə isə 1,5 faiz artımı fonunda PAŞA Bank iqtisadiyyatın əsas sahələri üzrə kreditləşməni davam etdirib", - deyə B.Nağıyev bildirib.
Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft sektorunda ümumi bazar üzrə kreditləşmə 42,8 mlrd. manatdan 45,6 mlrd. manata yüksəlib.
"PAŞA Bankın qeyri-neft sektorunda kredit portfeli 2025-ci ilin iyununda 2,923 mlrd. manat olduğu halda, 2026-cı ilin iyununda 3,310 mlrd. manata çatıb. Bu, illik müqayisədə 13,2 faiz artım deməkdir", - deyə sədr müavini qeyd edib.

Bəhruz Nağıyev bildirib ki, bankın qeyri-neft sektoru üzrə kredit portfelində ticarət 22,3 faiz, nəqliyyat 20 faiz, tikinti 12 faiz, informasiya və rabitə 2,1 faiz, kənd təsərrüfatı 5,5 faiz, sənaye 16 faiz, digər sahələr isə 22,1 faiz paya malikdir.
"Nəqliyyat sektorunda kredit portfelinin həcmi xüsusilə əhəmiyyətli artım göstərib. Bu sahə üzrə kreditlər 269 mln. manatdan 663 mln. manata yüksəlib və 146,7 faiz artıb", - deyə o əlavə edib.
Bank rəsmisi "PAŞA Bank"ın ümumi maliyyə göstəricilərində də artım olduğunu bildirib.
"2026-cı ilin ilk yarısında bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1,4 faiz artaraq 9,98 mlrd. manata, kredit portfeli 5 faiz artaraq 4,08 mlrd. manata çatıb. Kapitalımız isə 4,7 faiz artaraq 1,01 mlrd. manat olub", - B.Nağıyev deyib.
O qeyd edib ki, depozit portfeli 2 faiz azalaraq 7,75 mlrd. manat təşkil edib. Faiz gəlirləri 10,2 faiz artaraq 301,8 mln. manata, əməliyyat gəlirləri 1,6 faiz artaraq 225 mln. manata, xalis gəlir isə 0,6 faiz artaraq 96,5 mln. manata yüksəlib.
"Yaşıl maliyyələşdirmə istiqamətində də fəaliyyətimizi davam etdiririk. Bankın yaşıl kredit portfeli 36,8 mln. manat təşkil edir və bunun 64,1 faizi yaşıl nəqliyyat layihələrinə yönəldilib", - deyə sədr müavini vurğulayıb.

Bəhruz Nağıyev "PAŞA Bank"ın IPO prosesinə də toxunub.
"Hesabat dövrünün mühüm hadisələrindən biri IPO prosesinin uğurla başa çatdırılmasıdır. Azərbaycanda özəl bank sektorunda ilk dəfə həyata keçirilən bu IPO üzrə abunəlik səviyyəsi 129 faiz təşkil edib", - deyə o bildirib.
Onun sözlərinə görə, IPO çərçivəsində ümumi abunəlik məbləği 66,3 mln. manat, yerləşdirmə məbləği isə 51,3 mln. manat olub.
"IPO-da 17 960 unikal investor iştirak edib. Bu göstərici kapital bazarlarına və bankın səhmlərinə investor marağının genişliyini göstərir", - B.Nağıyev əlavə edib.