“Minalar Əleyhinə Azərbaycan Kampaniyası”nın nümayəndəsi Roza Səfixanlı Laosda keçirilən beynəlxalq konfransda Azərbaycanın kasetli silahlarla bağlı üzləşdiyi problemləri və ölkədə aparılan işləri diqqətə çatdırıb.
Yurd.Media xəbər verir ki, 14-18 sentyabr 2026-cı il tarixlərdə dünyada kasetli silahlardan ən çox təsirlənən ölkə olan Laos Xalq Demokratik Respublikasının Vientiane şəhərində “Kasetli silahlara dair” Konvensiyaya üzv dövlətlərin 3-cü İcmal Konfransı keçirildi. Hazırda 112 ölkə bu konvensiyanın üzvüdür, 12 ölkə isə hələki ratifikasiya prosesini başa çatdırmayıb. Konfrans çərçivəsində “Kasetli silahlara qarşı Koalisiya” təşkilatının Cluster Munition Monitor 2026 hesabatı ictimaiyyətə təqdim edilib. Cluster Munition Monitor 2026-da bildirilir ki, hesabat dövründə kasetli sursatlar ən azı 1063 nəfərin ölümünə və yaralanmasına səbəb olub ki, bu da indiyə qədər qeydə alınan ən yüksək illik göstəricilərdən biridir. Mülki şəxslər insan itkisinə məruz qalmağa davam edərək itkilərin 87%-ni təşkil ediblər. Konvensiyaya qoşulduqdan sonra heç bir üzv dövlət tərəfindən kasetli silahların istifadəsi, istehsalı və ya ötürülməsi qeydə alınmayıb. Digər böyük nailiyyət isə 42 üzv dövlət elan edilmiş bütün ehtiyatlarını məhv edib. Ümumilikdə 1,49 milyon kasetli silah və 179 milyon subsursat məhv ediilb.

Konfransda “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin “Qurbanlara yardım və gənclərlə iş departamentinin rəhbəri, ANAMA yanında İctimai Şuranın üzvü Roza Səfixanlı da iştirak edir. Konfrans çərçivəsində keçirilən görüşlərdə bildirilmişdir ki, Azərbaycan dünyada kasetli silahlardan zərər çəkən, müharibənin mirası ilə təqib olunan az saylı ölkələrdən biridir. Bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan kasetli silahlarla çirklənmiş ölkələrdəndir. Azərbaycanın qarşılaşdığı kasetli silah və mina problemlərinin yaranma səbəbləri, hazırda ölkədə aparılan mina təmizləmə fəaliyyəti, kasetli silah və mina qurbanları ilə iş və əhalinin maarifləndirilməsi tədbirləri barədə məlumat verilib. Ölkədəki kasetli silahlar probleminin miqyası, kasetli sursatların növləri, bu sursatların infrastruktur layihələrinin həyata keçirilməsinə təsirinin öyrənilməsi, kasetli sursatlardan qurban olmuş şəxslərin müəyyən edilməsi və onların hansı şəraitdə qurbana çevrilməsinin öyrənilməsi barədə həyata keçirilmiş fəaliyyət barədə məlumatlar verilmişdir.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Bərdə, Füzuli, Goranboy, Beyləqan, Ağdam, Tərtər, Yevlax, Kəlbəcər, Qəbələ və Şuşa rayonlarından, Bakı, Gəncə və Mingəcevir şəhərlərindən olan 233 mülki şəxsi kasetli silah qurbanı kimi qeydə almışdır. Kasetli silahla baş verən hadisə anında 8-i uşaq (5 qız, 3 oğlan), 13-ü qadın olmaqla 51 nəfər həlak olub, 34-ü uşaq (18 qız, 16 oğlan), 47-i qadın olmaqla 182 nəfər yaralanıb. Hadisə anında ən kiçik zərərçəkən 5 yaşında, ən yaşlı şəxs isə 78 yaşında olmuşdur. 12 nəfər isə Vətən müharibəsindən sonra kasetli silah qurbanı olub.
"Kasetli silah qurbanları" kasetli silahların tətbiq edilməsi nəticəsində öldürülən və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bunlara kasetli silahların birbaşa təsirinə məruz qalanlar, ailə üzvləri və yaşadıqları icmalar daxildir.
Kasetli silahların qurbanları ilə əlaqədar verilmiş bu məlumatlar yekun statistika sayılmamalıdır. Bu statistika məhdud zaman çərçivəsində əldə edilmişdir, yekun statistikanı əldə etmək üçün daha çox vaxta və maliyyəyə ehtiyac vardır.
