Parklama pullu olduğundan hamı avtomobilini həyətdə saxlayır, yanğınsöndürən maşın gələndə həyətə girə bilmir.
Yurd.Media xəbər verir ki, Bakının Yasamal rayonu, Xiyabani küçəsi, 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri ciddi parkinq problemi ilə üzləşiblər.
Sakinlər bildirirlər ki, binanın qarşısındakı ərazidə parklanma ödənişlidir və onların daimi olaraq avtomobil saxlamaq üçün kifayət qədər vəsaitləri yoxdur.
Vətəndaşlar "Baku TV"yə axşam saatlarında vəziyyətin daha da gərginləşdiyini qeyd edirlər:
"Hamı işdən gəlir, maşın saxlamağa yer tapmaq olmur. Bu pullu parkinqi edən insanlar, mühəndislər fikirləşməli idilər ki, bu insanlar harada maşın saxlayacaq".
Digər bir problem isə sakinlərin mənzillərinin çıxarışı olmadığı üçün qeydiyyata düşə bilməmələridir:
"Biz bu binada yaşamağımıza baxmayaraq, bizim çıxarışımız olmadığına görə qeydiyyata düşə bilmirik. Bunlar da bizdən qanunla tələb edirlər ki, qeydiyyatınız olsun. Bizim müvəqqəti olaraq qeydiyyatımız yoxdur. Biz buradan haraya köçüb getməliyik?"