Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 10 il ötür.
Yurd.Media xatırladır ki, 2016-cı il aprelin ilk günlərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Nəticədə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bir sıra mühüm və strateji əhəmiyyətli mövqelər işğaldan azad olundu.
Aprelin 2-də düşməni ağır məğlubiyyətə uğradan Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Aprel döyüşlərinin ən böyük tarixi uğuru nə idi? İlk növbədə, bu, 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Azərbaycan Ordusunun ilk qələbəsi idi. Qısamüddətli hərbi qarşıdurma Ermənistan-Azərbaycan münaqişəsinin gedişində dönüş nöqtələrindən biri hesab olunmaqla yanaşı, həm hərbi, həm də siyasi baxımdan sonrakı proseslərə ciddi təsir göstərdi. Bu döyüşlər təsdiq etdi ki, Azərbaycan işğalla barışmaq niyyətində deyil və lazım gəldikdə hərbi yolla ərazi bütövlüyünü bərpa etməyə qadirdir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə bildirmişdi ki, döyüşlər bizim şanlı hərbi qələbəmiz idi və dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərdi: "Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".
Dövlət başçısının dediyi kimi, Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verdi ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə gələcəkdə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.