SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Öləndən sonra orqan bağışlanmasına ÇAĞIRIŞ EDİLDİ

Öləndən sonra orqan bağışlanmasına ÇAĞIRIŞ EDİLDİ

  • 31 yanvar 2026, 12:28

Bakıda "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda dəyirmi masa təşkil olunub.

Yurd.Media xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tədbirdə deyib ki, Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan insanların sayı çoxdur, sadəcə əsas məsələ donorun tapılmasıdır.

Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların ölümündən sonra donor olmasına icazə verilib:

"Ölkədə ilk ürək transplantasiyası həyata keçirildikdən sonra isə donorluğa maraq artıb".

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman ƏmiraslanovMilli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov

Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə çıxışında bildirib ki, Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır.

Onun sözlərinə görə, orqan transplantasiyası üçün mövcud olan gözləmə siyahısı və digər xüsusi mexanizmlərin elektron sistem halına gətirilməsi məqsədilə müəyyən addımlar atılıb:

"Ölkəmizdə transplantasiyalar sistemləşdirilmiş şəkildə aparılır. Gözləmə siyahısı formalaşdırılır, xüsusi mexanizmlərdən istifadə edilir. Yaxın qohum olmayanların orqan donoru olması üçün Koordinasiya Mərkəzi fəaliyyət göstərir. Bütün bu sistemin elektronlaşdırılması sahəsində müəyyən işlər görülür. Lakin işlər hələ ki tamamlanmayıb".

Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.

Ürək transplantasiyası icra edilən pasiyent Rəşad Məmmədəliyev də tədbirdə çıxış edərək donor olmaga çağırış edib.

O, əməliyyatdan sonra səhhətinin yaxşı olduğunu vurğulayıb:

"Əməliyyatdan sonra normal həyatıma davam edirəm. Hər şey yaxşıdır. Ümid edirəm ki, bütün xəstələr tezliklə şəfa tapar".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları