SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“MilliÖn”lər təhlükəsizlik yeniləmələri 6 il əvvəl dayandırılmış əməliyyat sistemi ilə işləyir

“MilliÖn”lər təhlükəsizlik yeniləmələri 6 il əvvəl dayandırılmış əməliyyat sistemi ilə işləyir

Ödəniş terminalları artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Kommunal xidmətlərdən mobil rabitəyə, internetdən digər xidmətlərə qədər bir çox ödənişi bu cihazların qarşısında cəmi bir neçə toxunuşla həyata keçiririk.

Terminalların ekranında gördüyümüz sadə interfeysin arxasında hansı əməliyyat sistemi, proqram təminatı və texniki platformanın işlədiyi çoxumuzu düşündürmür.

Yurd.Media-nın müşahidəsi isə bu məsələni daha fərqli prizmadan gündəmə gətirib. Belə ki, elektrik enerjisinin qısa müddətli kəsilməsindən sonra yeraltı keçidlərdən birində yerləşən ödəniş terminalları yenidən işə düşərkən “MilliÖn”ə məxsus terminalın ekranında “Windows 7” əməliyyat sisteminin açılış interfeysi müşahidə olunub.

Məsələ burasındadır ki, Microsoft Windows 7 əməliyyat sisteminə rəsmi dəstəyi və təhlükəsizlik yeniləmələrini 2020-ci ilin yanvarında dayandırıb. Bu isə istər-istəməz sual yaradır: gündəlik olaraq maliyyə əməliyyatlarının həyata keçirildiyi ödəniş terminallarında hansı əməliyyat sistemlərindən istifadə olunur və bu sistemlərin təhlükəsizliyi hansı səviyyədədir?

Daha vacibi isə budur: istifadə olunan əməliyyat sistemi köhnədirsə, terminalın özündə və onun şəbəkə infrastrukturunda mümkün kibertəhlükələrə qarşı hansı qoruyucu mexanizmlər tətbiq edilir?

“PashaPay” MMC-dən mövzu ilə bağlı münasibət öyrənmək hələlik mümkün olmayıb.

“MPAY”dan isə konfidensial olduğu üçün terminallarında hansı əməliyyat sistemi və versiyanın istifadə edildiyi, sistem yenilənmələrinin hansı qaydada və intervalla həyata keçirildiyi və s. açıqlanmayıb. Şirkət ümumi olaraq qeyd edib ki, ödəniş terminalları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi təhlükəsizlik tələblərinə uyğun sazlanıb və mühafizə olunur.

“IT Station” MMC-nin direktoru, kibertəhlükəsizlik mütəxəssisi Bünyad Həbibov Yurd.Media-ya bildirib ki, Windows 7 kimi köhnə əməliyyat sistemlərinin yenilənmə və dəstək almaması müəyyən risklər yaradır.

Onun sözlərinə görə ödəniş terminallarının içindəki kompüter adi istifadəçi kompüterlərindən fərqlənir və əsasən qapalı, internetə birbaşa çıxışı olmayan şəbəkələrdə işləyir:

"Buna görə də köhnə əməliyyat sisteminin istifadəsi avtomatik olaraq ödənişlərin təhlükəli olması demək deyil. Şəbəkə izolyasiyası və əlavə təhlükəsizlik tədbirləri riskləri əhəmiyyətli dərəcədə azalda bilər. Terminallarda əsas risklərdən biri isə fiziki müdaxilədir. Məsələn, terminala icazəsiz kart oxuyucu və ya digər qurğunun yerləşdirilməsi kart məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər".

Mütəxəssis hesab edir ki, qapalı və düzgün qorunan şəbəkədə köhnə əməliyyat sisteminin yaratdığı risk məhdudlaşır. Bununla belə, uzunmüddətli perspektivdə dəstəklənən daha yeni əməliyyat sisteminə keçid məqsədəuyğundur.

Skat.az - Ev və Avtomobil elanları