Bakının "İnşaatçılar" metrostansiyasının yaxınlığındakı qanunsuz küçə satışı piştaxtalarında yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib.
Bu barədə Yurd.Media-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub.
Həmçinin, Yasamal rayonunda fəaliyyət göstərən "Yasamal" bazarı və "İnşaatçılar" metrostansiyası ətrafında qanunsuz küçə ticarətinə qarşı reyd keçirilib.
Bildirilib ki, baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.