“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Sabirabad rayon sakininə qarşı böyük məbləğdə cərimə yazıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Azərişıq” Sabirabad rayon Güdəcühür kənd sakininə 1000 manat məbləğində cərimə yazıb. Vətəndaş bu halın qanunsuz olduğunu iddia edib və borcun silinməsi üçün Sabirabad Rayon Məhkəməsinə müraciət edib.
İddia ərizəsi belə əsaslandırıb ki, 2025-ci ildə cavabdeh təşkilatın nümayəndələri Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən evinə kənar xəttin olması ilə bağlı akt tərtib edərək onu cərimə ediblər. Aktda da qeyd edilib ki, vətəndaşın evinə quraşdırılmış sayğacdan kənar xətlə evi qidalandırıb. Vətəndaş bu aktın tamamilə əsassız yazıldığını deyib. O və ailə üzvləri sayğaca müdaxilə etmədiklərini, müdaxilə etməyi də bacarmadıqlarını deyiblər.
Məhkəmə iddia tələbini qismən təmin edib. Belə ki, “Azərişıq” ASC-nin 2025-ci il tarixli aktı əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 956,02 manat borc məbləğindən 873,02 manat Sabirabad rayonunun Güdəcühür kəndində yerləşən evə aid abunə hesabından silinıb və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 83 manat müəyyən edilib.