SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada

  • 23 iyun 2026, 14:15
Şuşa

Azərbaycan və Türkmənistan liderləri Şuşanı ziyarət ediblər.

Yurd.Media xəbər verir ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verdi.

Bildirildi ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır.

Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.

Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Məscidin tikintisi “Paşa Holdinq”in dəstəyi ilə reallaşır.

Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.

Sonra İlham Əliyev və Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.

Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verildi.

Bildirildi ki, məhz Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr xilas edilərək Azərbaycana gətirilib. Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa işğaldan azad olunduqdan sonra əvvəlki yerlərinə qaytarılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları