“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia qaldırılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, iddiaçı olan vətəndaş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edib.
Qeyd edib ki, onunla “ABB” ASC-nin Gəncə Mərkəzi Filialı arasında bank hesbının açılması və xidmət göstərilməsinə dair 2025-ci ildə müqavilə bağlanıb və həmin müqaviləyə əsasən o qeyd etdiyi bankdan 59 ay müddətinə illik 22,9 faiz olmaqla, 11 700 manat məbləğində kredit götürüb.
Həmin kreditin aylar üzrə ödənilməsi barədə bank tərəfindən ödəniş cədvəli tərtib edilib. O, həmin vaxtı “Azərqaz”ın idarəsində operator vəzifəsində işlədiyinə və ayda 800 manat məbləğində əmək haqqı aldığına görə bank qarşısında öhdəliklərini bir müddət vaxtlı-vaxtında yerinə yetirib. Qanında laxtalanma və dərin venoz trombozu olduğuna görə bankın müştərisi Gəncə Mərkəzi Klinikasında əməliyyat olunub, bundan sonra isə sol ayağı şişib, qaralıb və yeriyə bilməyib. Sonradan Bakıda Mərkəzi Kilinikada müalicə alıb.
Vətəndaş qeyd edib ki, sonra yenidən Gəncə Birləşmiş Xəstəxanasında dərin venoz trombozu diaqnozu ilə müalicələr alıb, nəticədə əmək fəaliyyətini itirib və onu işdən çıxartdıqlarına görə bank qarşısında olan öhdəliklərimi üzürlü səbəbdən yerinə yetirə bilməyib.
Bakı şəhər 30 saylı Notariat Ofisi isə 20 may 2026-cı il tarixli icra sənədinə əsasən ondan cəmi 12 960 manat məbləğində pulun tutularaq tələbkar "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə icra sənədi verib.
Həkimlərin dediyinə görə o 65-70 faiz əmək fəaliyyətini itirib, hazırkı işlə bağlı ona əlilliyin təyin olunması üçün əlaqədar təşkilatlara müraciət edə bilmir. Onunla "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Mərkəzi Filialı arasında kredit müqaviləsi bağlanarkən bank tərəfindən ona kredit üzrə həyat sığorta şəhadətnaməsi verilib.
O, banka müraciət edərək kredit üzrə öhdəliklərini üzrlü səbəbdən icra edə bilmədiyindən sığortaçı “Meqa Həyat” Sığorta ASC-yə müraciət edilməsini xahiş edib. Lakin bank tərəfindən ona bildirilib ki, onun öhdəliklərinin sığortaçı tərəfindən qarşılanması üçün ya əlillik, ya da ölüm olmalıdır.
Nizami Rayon Məhkəməsinin qərarı ilə iddiaçının iddia tələbi təmin edilməyib.