SÜJET
Gəncədə nəqliyyat axınının optimallaşdırılması məqsədi ilə Nizami küçəsində ikitərəfli hərəkət bərpa edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, Gəncə şəhərinin mərkəzi arteriyalarından biri olan Nizami küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Qəmbər Hüseynli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində ikitərəfli hərəkət rejimi tətbiq edilib.
Bu dəyişiklik nəticəsində nəqliyyat vasitələrinin izafi yürüşü əhəmiyyətli dərəcədə azalıb, səyahət müddəti qısalıb və ictimai nəqliyyatın mobillik imkanları genişlənib.
Yeni hərəkət rejiminin təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirilib. Belə ki, ərazidə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri yenidən təşkil olunub və işıqfor bölmələrində zəruri dəyişikliklər edilib. Bütün bu işlər beynəlxalq standartlara uyğun aparılıb.