SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Süni intellekt: yeni imkanlar, yoxsa dezinformasiya təhlükəsi? - ARAŞDIRMA

Süni intellekt: yeni imkanlar, yoxsa dezinformasiya təhlükəsi? - ARAŞDIRMA

Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da yeni imkanlar və çağırışlar yaradıb. Bir tərəfdən bu texnologiya iş prosesini asanlaşdırır və informasiyaya çıxışı sürətləndirir, digər tərəfdən isə yanlış məlumatların yayılması üçün yeni vasitəyə çevrilə bilir. Məhz bu səbəbdən süni intellektdən necə və hansı məqsədlərlə istifadə olunması məsələsi getdikcə daha çox müzakirə olunur.

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin sədri, kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov Yurd.Media-ya bildirib ki, bu texnologiya sadəcə bir qrup mütəxəssisin aləti deyil, gündəlik həyatın bir hissəsinə çevrildiyi üçün onun təsirləri həm istifadəçilərdən, həm də texnologiyadan uzaq duran vətəndaşlardan yan keçmir:

"Tələbələr və tədqiqatçılar mürəkkəb məlumatların analizi və öyrənmə prosesinin fərdiləşdirilməsi üçün, biznes sektoru isə müştəri xidmətlərinin avtomatlaşdırılması və iqtisadi proqnozlaşdırma üçün bu texnologiyadan faydalana bilər. Digər tərəfdən isə bədniyyətli şəxslər süni intellekt vasitəsilə daha inandırıcı fişinq hücumları hazırlayıb və kütləvi dezinformasiya kampaniyaları həyata keçirdiklərini göstərmək olar. Xüsusilə texnologiyadan istifadə etməyən şəxslər belə saxta xəbərlərin hədəfi ola bildiyi üçün bu məsələ fərdi deyil, milli rəqəmsal təhlükəsizlik problemidir".

kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasovkibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov

O, qeyd edib ki, Azərbaycanda süni intellektin gələcəyi həm fərdi savadlılıq, həm də milli texnoloji strategiya ilə sıx bağlıdır:

"Azərbaycanı digər ölkələrlə müqayisə etdikdə, müsbət cəhətdən gənc əhalinin adaptasiya sürəti və dövlət xidmətlərinin rəqəmsallaşma səviyyəsi üstünlük təşkil edir. Mənfi cəhətdən isə qlobal texnoloji nəhənglərlə müqayisədə yerli dil modelimizin (Azərbaycan dili üzrə süni intellekt bazası) hələ inkişaf mərhələsində olması bizi xarici platformalardan asılı vəziyyətə salır ki, bu da lokal kontekstdə dezinformasiya ilə mübarizəni texniki baxımdan çətinləşdirir. Dezinformasiya və rəqəmsal manipulyasiyadan qorunmaq üçün cəmiyyətdə "tənqidi rəqəmsal təfəkkür" formalaşdırılmalı, eyni zamanda yerli süni intellekt həllərinin yaradılmasına investisiya qoyulmalıdır".

Bəs süni intellektdən dezinformasiya məqsədilə istifadə edənləri qanunla nə gözləyir?

Hüquqşünas Vamiq Şükürov bildirir ki, hələlik qanunla tənzimlənəcək qədər bir məsələ yaranmayıb:

"Araşdırma aparılsa bəlkə də süni intellektdən qeyri-qanuni məqsədlər üçün daha çox istifadə olunur. Əgər sosial sifariş olarsa, vətəndaşlar süni intellektin nəticələrinə görə daha çox narazılıq edərlərsə və bununla bağlı şantaj, insanların şəxsiyyətinin təhqir olunması eyni zamanda onların şəxsi həyatına müdaxilə olunması, nüfuzlarına ziyan vurulması halları çoxalarsa, bu zaman təbii ki, qanunda dəyişiklik olacaq. Həm İnzibati Xətalar Məcəlləsinə həm də Cinayət Məcəlləsinə bu barədə ayrıca qanun pozuntuları və onlara görə cəzalar əlavə olunacaq." -deyə o bildirib.

Hüquqşünas Vamiq ŞükürovHüquqşünas Vamiq Şükürov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları