Bakıda avtomobillərin sayı artdıqca parkinq problemi də daha qabarıq şəkildə hiss olunur. Xüsusilə, yeni tikilən yaşayış komplekslərinin ətrafında avtomobillərin səkilərdə, yol kənarlarında və hətta yaşıllıq sahələrində saxlanılması artıq adi hala çevrilib.
Sürücülər bildirirlər ki, bəzi yaşayış binalarında yeraltı qarajlar olsa da, onların tutumu bütün sakinlərin ehtiyaclarını qarşılamır.
Nəqliyyat üzrə ekspertlər hesab edirlər ki, şəhərin müəyyən ərazilərində çoxmərtəbəli parkinqlərin inşası küçələrdə parklanmanın azalmasına və nəqliyyat axınının daha səmərəli təşkilinə kömək edə bilər.
Ekspert Adil Nəbiyev "Xəzər Xəbər"ə bildirib ki, son illərdə tikilmiş bir çox yaşayış binalarında mənzillərin sayı ilə avtomobil dayanacaqlarının sayı arasında ciddi uyğunsuzluq müşahidə olunur. Onun fikrincə, bu problemin həlli istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac var.