Sosial şəbəkələrdə bir çox müəllimlərin məktəb mühitində təhsil standartına uyğun olmayan tərzdə video paylaşım etmələri cəmiyyətdə heç zaman birmənalı qarşılanmır. Qanun, qayda və mental etalonlarda isə bu yöndə kifayət qədər baza formalaşıb.
Milli Məclisin Təhsil və Elm Komitəsinin üzvü Ceyhun Məmmədov Yurd.Media-ya bildirib ki, müəllim bir dəyərdir, buna görə də davranışlarında diqqətli olmalıdır.
Onun sözlərinə görə, pedaqoq hər bir fərdin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır:
"Ona görə də müəllim istər məktəbdəki fəaliyyətində, istər sosial şəbəkələrdə paylaşımlarında, istərsə də hər-hansı ictimai mühitdə hərəkət və davranışlarına diqqət yetirməlidir. Bir müəllim bilməlidir ki, şagirdlərin qarşısında göstərdiyi davranışlar təkrarlanacaq".
Ceyhun Məmmədovun fikrinə görə təhsil işçisi hərəkət və davranışlarına maksimum dərəcədə diqqət yetirməlidir:
"Cəmiyyət olaraq müəllimin nüfuzunu qorumaq bizim də borcumuzdur. Mühüm məsələ kimi bu, birinci növbədə icra strukturlarının çərçivəsi daxilində olan məsələdirsə, digər tərəfdən müəllimlərin özlərinin riayət etməli olduqları normalardır".