Son illər Azərbaycan ali təhsil müəssisələrində rəqəmsal transformasiya prosesinin sürətlənməsi və tələbələrin innovativ bilik və bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır.
Yurd.Media xəbər verir ki, Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Səfər çərçivəsində deputat universitetin rektoru Zəfər Qurbanovla görüşərək ali təhsil müəssisəsində həyata keçirilən yeniliklər və müasir infrastruktur layihələri ilə tanış olub.
Görüş zamanı universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi və tələbələrin innovativ bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra Naqif Həmzəyev və Zəfər Qurbanov universitetin İnnovasiya Mərkəzinə baş çəkiblər. Qonağa burada tələbələrin innovativ ideyalarının dəstəklənməsi, startap təşəbbüslərinin təşviqi və elmi-tədqiqat fəaliyyətinin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Səfər çərçivəsində İnformasiya Texnologiyaları kafedrasının əsaslı şəkildə yenilənmiş kompüter otağına da baxış keçirilib. Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunan auditoriya tələbələrin informasiya texnologiyaları sahəsində nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsinə, eyni zamanda rəqəmsal bacarıqlarının inkişafına xidmət edir.
Deputat Naqif Həmzəyev universitetdə yaradılmış müasir tədris mühiti, innovativ yanaşmalar və tələbəyönümlü infrastrukturun əhəmiyyətini vurğulayaraq görülən işləri yüksək qiymətləndirib.
Görüşdə ali təhsilin inkişafı, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və gənclərin innovativ fəaliyyətə cəlb olunmasının vacibliyi də qeyd edilib.