SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib

Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib

  • 13 oktyabr 2026, 15:14

Prezident İlham Əliyev Laosdan olan tələbələrin Azərbaycanda təhsil alması üçün təqaüd sistemi təklif edib.

Yurd.Media xəbər verir ki, bunu İlham Əliyev Bakıda Laos Prezidenti Thonqlun Sisulitlə birlikdə mətbuat üçün bəyanatla çıxış edərkən bildirib.

Dövlət başçısı xatırladıb ki, Sovet İttifaqı dövründə Laosdan çoxlu tələbə Azərbaycanda təhsil alıb:

"Vaxtilə sovet dövründə 2000-dən çox Laoslu tələbə Azərbaycanda təhsil alıb və mən təklif etdim ki, biz bu ənənəni bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də tətbiq olunub və əminəm ki, gələcək illər ərzində biz daha çox Laoslu tələbələri Azərbaycanda görəcəyik".

Prezident vurğulayıb ki, Azərbaycan və Laos siyasi səviyyədə yaxşı münasibətlər saxlayır, ölkələr 30 il ərzində diplomatik əlaqələri davam etdirir.

Dövlət başçısı qeyd edib ki, siyasi əlaqələr uzun illər uğurla inkişaf edib:

"Bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk. Və bu gün də belədir və bundan sonra əminəm ki, belə olacaq".

İlham Əliyev vurğulayıb ki, parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkədə dostluq qrupları yaradılıb və bu da özlüyündə həm parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlığın göstəricisidir.

Laos Prezidenti İlham Əliyevə Azərbaycan və ölkəsi arasında yaxşı münasibətləri davam etdirdiyinə görə minnətdarlıq edib.

"Bu gün mən Prezident Heydər Əliyevin oğlu Zati-aliləri İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim. Heydər Əliyev ölkələrimiz arasında xoş münasibətlərin əsasını qoyub. Bu ənənələrin Azərbaycanın hazırkı Prezidenti tərəfindən davam etdirilməsi əlaqələrimizin möhkəmlənməsindən xəbər verir", - Laos Prezidenti bildirib.

Skat.az - Ev və Avtomobil elanları