İnzibati cərimələrlə bağlı vətəndaşlara saxta SMS-lərin göndərildiyi üzə çıxıb.
Yurd.Media xəbər verir ki, son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılır.
Baş Dövlət Yol Polisi İdarəsi müraciət edərək bildirilib ki, həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır:
"Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bildirir ki, qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar. İnzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır".