Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yeraltı neft boru kəmərində baş vermiş qəza aradan qaldırılıb və sızmanın qarşısı alınıb.
Yurd.Media xəbər verir ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə müvafiq qurumun qəza-bərpa briqadası cəlb olunub. Aparılan intensiv işlər nəticəsində neft sızması dayandırılıb.
Təmir-bərpa işlərindən sonra qəza baş verən hissəyə mühafizə zolağı çəkilib. Həmin hissənin kiçik bir sahəsi isə sızmanın təkrar baş verib-verməyəcəyinin yoxlanılması məqsədilə müvəqqəti açıq saxlanılıb. Yoxlama müddətində hər hansı sızma qeydə alınmazsa, həmin hissə tam bağlanacaq və yol örtüyü bərpa ediləcək.
Sakinlər isə yeraltı neft xəttinin istismar müddətinin başa çatması səbəbindən oxşar halların təkrarlanma riskinin olduğundan ehtiyyat edirlər.
Xatırladaq ki, 8 iyun tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 10 May küçəsi, 1-ci döngə ünvanında neft xəttində sızma baş vermiş, xam neft yer səthinə çıxaraq ətrafa yayılmış və sakinlərin narahatlığına səbəb olmuşdu.