Sarıcalıya köçən 35 ailəyə ev verildi - YENİLƏNİB

Sarıcalıya köçən 35 ailəyə ev verildi - YENİLƏNİB

  • 30 aprel 2025, 14:42
Ağdam

Aprelin 30-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.

Bu barədə Yurd.Media-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu mərhələdə köçürülən 158 nəfərdən ibarət 35 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Yurd.Media xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 35 ailə - 158 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, 30.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Sarıcalı kəndinə cəmi 184 ailə (767 nəfər) köçürülüb.