Hər il şəhər və rayonların icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olan inşaat şirkəti daha bir layihəni icraya götürüb.
Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Ordubad şəhərində yerləşən 43 və 45 saylı binaların əsaslı təmiri həyata keçiriləcək.
"VNM İnşaat" MMC-nin icra edəcəyi təmir işləri üçün Ordubad Rayon İcra Hakimiyyəti şirkətə 273 min 122 manat pul ödəyəcək.
Qeyd edək ki, "VNM İnşaat" Azərbaycanda abadlıq və təmir işləri üzrə keçirilən bir çox tenderlərin qalibidir. Şirkət 2025-ci ildə təqribən 20, bu il isə 12 belə tenderin qalibi olub. Bu il ərzində şirkətin qalib olduğu tenderlərin ümumi dəyəri 3,5 milyon manata yaxındır.
Maraqlıdır ki, şirkət əsasən müxtəlif şəhər və rayonların icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olub. Bunların arasında Sumqayıt şəhəri, Ordubad, Füzuli, Siyəzən, Oğuz, Quba, Şamaxı, Masallı, Nəsimi, Nizami, Zaqatala, Hacıqabul, Yardımlı, Tovuz, Saatlı, Salyan rayonlarının icra hakimiyyətləri də var. Şirkət bir neçə dəfə avtomobil yollarının əsaslı təmiri və asfaltlanması işləri üzrə də tenderlərin qalibi olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "VNM İnşaat"ın nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə, Nağıyev Vüqar Məhəmməd oğludur. Şirkətin ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-dir. Məlumat üçün deyək ki, eyni ünvanda "VNM İnvest" MMC də qeydiyyata alınıb. "VNM İnvest"in nizamnamə kapitalı 10 manat qanuni təmsilçisi isə Arif Susaməddin oğlu Rzayevdir. Məsələ burasıdır ki, Vüqar Nağıyev daha öncə “VNM İnvest”in də qanuni təmsilçisi olub. Bu faktlar hər iki şirkətin eyni adama məxsus olduğuna dair şübhələr yaradır.
Qeyd edək ki, “VNM İnvest” ötən il ölkədə 11-ə yaxın tenderin qalibi olub. Bu tenderlər abadlıq, təmir, hətta ofis avadanlıqlarının və katriclərin doldurulması kimi işlərə də dair olub. Sözügedən tenderlərin ümumi dəyəri təqribən 4,5 milyon manat təşkil edib.