SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Bakıda tarixi binalar sökülür - Bura Bayır şəhəri sayılır, hər bir daşın qədim tarixi var

Bakıda tarixi binalar sökülür - "Bura Bayır şəhəri sayılır, hər bir daşın qədim tarixi var"

Bakı

Bakıda Azərbaycan prospekti – Çingiz Mustafayev , Süleyman Tağızadə və Nabat xanım Aşurbəyova küçələri əhatə olunan ərazidə tarixi binalar sökülür.

Azərbaycan prospekti, xüsusilə Təzə Pir məscidinin ətrafı tarixi baxımdan böyük əhəmiyyət daşıyır. Burada XIX əsrin sonu – XX əsrin əvvəllərində tikilmiş, memarlıq dəyəri yüksək olan çoxsaylı binalar mövcuddur. Onların bir qismi əvvəllər “tarixi memarlıq abidəsi” kimi dövlət reyestrinə daxil edilsə də, sonradan reyestrdən çıxarılıb.

Memar Abdul Hüseynov Yurd.Media-ya açıqlamasında bildirib ki, iki il əvvəl bu binalara statusun qaytarılması üçün müvafiq dövlət qurumlarına müraciət edilib.

“Cavabda bildirilmişdi ki, binalar yenidən reyestrə salınacaq, lakin indiyədək rəsmi qərar qəbul edilməyib”, – A. Hüseynov qeyd edib.

Memar vurğulayıb ki, baş plana əsasən, ərazi “Mərkəzi Planlaşdırma Rayonu”nun tərkibində “Xüsusi Mühafizə Zonası” kimi nəzərdə tutulub:

“Bu plan Prezidentin sərəncamı ilə təsdiqlənib və beynəlxalq təcrübə əsasında Almaniyanın AS&P şirkəti tərəfindən hazırlanıb. Planın izahında göstərilir ki, bu zonadakı bütün binalar – hətta rəsmi statusu olmayan, amma memarlıq dəyəri olan tikililər də – qorunmalıdır”, – o bildirib.

A. Hüseynov əlavə edib ki, bir çox bina memarlıq xüsusiyyətlərinə görə qorunmalı olduğu halda ya sökülüb, ya da zədələnib:

“Rəsmi cavablarda "söküntü aparılmır" deyilsə də, bir neçə gün öncə həmin ərazilərdə söküntü işlərinə başlanılıb. Məsələn, Lev Tolstoy küçəsindəki bir mərtəbəli tarixi bina belə tamamilə sökülüb”, – memar bildirib.

O qeyd edib ki, bəzi binalar əvvəlcə məqsədli şəkildə zədələnir, sonra isə “qəzalı” kimi təqdim olunur:

“Molla Vəli Vidadi küçəsi 37 ünvanındakı, XIX əsrin sonlarında tikilmiş bina buna nümunədir. Bu bina bərpa oluna bilərdi, lakin ona qəzalı statusu verildi”, – memar deyib.

Abdul Hüseynov vurğulayıb ki, baş plana görə, sakinlərin köçürülməsi yalnız yaxın ərazilərə və müvəqqəti olmalıdır, bərpadan sonra isə insanlar geri qaytarılmalıdır:

“Beynəlxalq təcrübədə hətta ağır ziyan görmüş binalar belə köhnə fotolar əsasında yenidən tikilərək bərpa edilir. Lakin hazırda bərpa tədbirləri əvəzinə ağır texnika ilə tam söküntü aparılır”, – o bildirib.

Onun sözlərinə görə, xüsusi mühafizə zonasında fragmentar söküntü işləri aparılması memarlıq ansamblını pozur.

Memar qeyd edib ki, tarixi dəyəri olan, lakin rəsmi statusu olmayan binaların sökülməsi ərazinin tarixi görünüşünü itirməsinə səbəb olur. Eyni zamanda qonşuluqdakı binalara ziyan vurmaqla onların da qorunması çətinləşir:

“Ərazidə aparılan işlər qanunvericiliyin və təsdiq olunmuş baş planın tələblərinə uyğun deyil. Tarixi binaların qorunması mexanizmləri tətbiq olunmur, dövlət qurumlarının bəyanatları ilə real vəziyyət arasında ciddi uyğunsuzluq var”, – o əlavə edib.

Abdul Hüseynov vurğulayıb ki, memarlar həkim kimidir – binanı yoxlayır, sonra ona ikinci nəfəs verir:

"Bura Bayır şəhəri sayılır, hər bir daşın qədim tarixi var. Bu ərazini vaxtı ilə daşnaklardan qorumuşuq. Bura Bakının tarixi, xalqımızın keçmişini göstərən yerlərdir. Onların dağıdılması keçmişi silmək deməkdir".

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing