"Məlhəm Beynəlxalq Hospital” MMC-nin direktoru və qanuni təmsilçisi Fuad Əlizadə barəsində iş məhkəməyə göndərilib.
Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi "Məlhəm Beynəlxalq Hospital”da plandankənar (növbədənkənar) yoxlama aparıb.
Yoxlama zamanı xəstəxanada lisenziyada nəzərdə tutulmayan ginekoloji xidmət – ekstrakorporal mayalanma (IVF) üzrə fəaliyyət göstərilməsi faktı aşkar olunub.
Aparılan yoxlamanın nəticəsinə əsasən, "Məlhəm Beynəlxalq Hospital” MMC-nin direktoru və qanuni təmsilçisi Əlizadə Fuad Qədim oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F. Əlizadə qeyd olunan maddə üzrə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada göstərilməyən tibbi xidmətlərin həyata keçirilməsinə görə fiziki şəxslər 300–500 manat, vəzifəli şəxslər 800–1 000 manat, hüquqi şəxslər isə 6 000–8 000 manat məbləğində cərimə edilir.