Bakıda çoxmərtəbəli binanın damında tikinti işləri aparılıb, daha bir mərtəbə əlavə olunub.
Yurd.Media xəbər verir ki, söhbət Yasamal rayonu, Zahid Xəlilov, 107 ünvanında 2010-2011-ci illərdə tikilən 15 mərtəbəli binadan gedir.
Sakinlər belə bir vəziyyətin təhlükəli olduğunu hesab edirlər.
"15 mərtəbəli kimi ekspertizadan keçmiş binadır. Ekspertizadan keçən binanın üstündə əlavə nəsə yükləmək qeyri-qanunidir. Aparılan tikili peşəkar işçilər tərəfindən görülməyib. Başımızın üstündə təhlükə var", - sakinlərdən biri narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən "Bakı TV"yə bildirilib ki, qurumun əməkdaşları tərəfindən binaya baxış keçirilib:
"Baxış zamanı binaların üzərində mövcud olan texniki sahələrin böyüdülərək mənzil kimi istismar olunduğu müəyyən edilib. Binaların üzərində aparılmış əlavə tikinti-quraşdırma işləri ilə bağlı aidiyyəti qurumlara məktub ünvanlanıb. Mənzil Məcəlləsinin 123.04-cü maddəsinə əsasən, istismarda olan çoxmərtəbəli binalarda ümumi əmlakın lazımi texniki vəziyyətinin təmin edilməsi binanın idarəedici təşkilatının səlahiyyətlərinə aiddir".