SÜJET
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Limanının ərazisində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib.
Yurd.Media xəbər verir ki, təlimi fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) üzv ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının rəhbər şəxsləri, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlikləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, ANAMA, TƏBİB, AZCON, SOCAR, bp, FHN yanında İctimai Şura və digər qurumların rəhbər vəzifəli şəxsləri izləyiblər.
Təlim irimiqyaslı fövqəladə hallar zamanı xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib.
Əvvəlcə FHN-in, həmçinin təlimdə iştirak edən digər qurumların texnika və avadanlıqlarına baxış keçirilib.
Sonra təlim qərargahında fövqəladə halların idarə edilməsinə məsul qurumların böhranların idarəedilməsi üzrə mərkəzləri ilə videorabitə vasitəsilə əlaqə yaradılıb, aidiyyəti qurumlar tərəfindən təlimlə bağlı görülən işlər barədə məruzələr edilib.
Daha sonra təlimin praktiki hissəsinə başlanılıb.
Təlim planına uyğun olaraq, episentri Xəzər dənizində olmaqla, Bakı şəhərindən 110 kilometr cənub-şərqdə şərti dağıdıcı zəlzələ baş verib. “Zəlzələ” nəticəsində bir sıra şəhər və rayonlarda hündürmərtəbəli binalar və sənaye müəssisələrində dağıntılar yaranıb, infrastruktur şəbəkələri sıradan çıxıb. Vətəndaşlar arasında ölənlərin və dağıntılar altında qalanların olduğu bildirilib.
Şərti hadisə ilə əlaqədar FHN-in qüvvələri tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə dərhal axtarış-xilasetmə, zəlzələ nəticəsində yaranmış yanğınların söndürülməsi və digər zəruri, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. Şərti zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar “yanğın-xilasetmə əməliyyatı” uğurla həyata keçirilib.
Sonda Azərbaycanın Dövlət Bayrağı və BMMT-nin bayrağı ilə təlim ərazisi üzərindən uçan helikopterlərin paradı keçirilib.
Qeyd edək ki, təlimdə FHN ilə yanaşı Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, ANAMA, TƏBİB, AZCON, SOCAR və bp-nin ümumilikdə 1250 nəfərdən ibarət canlı qüvvəsi, 8 ədəd helikopteri, 277 ədəd xüsusi təyinatlı texnikası və 14 baş xüsusi təlim görmüş iti iştirak edib.
Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.