SÜJET
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə silsilə tədbirlər həyata keçirilib.
Yurd.Media xəbər verir ki, Azərbaycan Könüllüləri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
Ölkənin aparıcı könüllü təşkilatlarında fəaliyyət göstərən könüllülər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya zamanı könüllülərə Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında ətraflı məlumat verilib.
Silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Azərbaycan Könüllüləri tərəfindən Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutmaq, Ümummilli Liderin təbiətə, ekologiyaya qayğı ənənələrini yaşatmaq olub.
AKTİ-nin təşkilatçılığı ilə keçirilən “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramının növbəti görüşü Ulu Öndərin zəngin fəaliyyəti və çoxşaxəli irsinə həsr olunub. Proqram çərçivəsində Azərbaycan Könüllüləri Milli Məcləsin deputatı Nigar Arpadarai ilə görüşüblər. Görüşdə Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşması, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxladığı vurğulanıb. Qeyd edilib ki, gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edir, onların hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlayırdı. Bu gün onun əsasını qoyduğu uğurlu gənclər siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Könüllüləri də bu siyasətin fəal iştirakçıları olaraq, dövlətə və xalqa xidmət prinsiplərinə sadiq qalır, ictimai fəallıqları ilə bu siyasətə töhfə verirlər.