SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Azərbaycan ABŞ-nin müdafiə texnologiyalarına çıxış imkanı əldə edir

Azərbaycan ABŞ-nin müdafiə texnologiyalarına çıxış imkanı əldə edir

ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona rəsmi səfəri çərçivəsində, “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənədi imzalayacağı gözlənilir. 

30 ilə yaxın Azərbaycan cəmiyyətində müzakirə olunan bu Düzəlişin dayandırılması nə vəd edir?

Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru Naqif Həmzəyev Yurd.Media-ya açıqlamasında bildirib ki,  Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması ilə bağlı sənədin imzalanması tarixi hadisədir və Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcını qoyur.

O, 907-ci düzəlişin 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edildiyini, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları üzərində guya “blokada” tətbiq etməsi bəhanəsi ilə ölkəyə ABŞ dövlət yardımının göstərilməsinə qadağa qoyduğunu xatırladıb.

Deputat vurğulayıb ki, bu düzəliş uzun illər Azərbaycanın ABŞ-la əməkdaşlığının, xüsusilə müdafiə, hərbi texnologiyalar və digər strateji sahələrdə əlaqələrinin inkişafına ciddi maneə törədib.

Naqif Həmzəyev bildirib ki, son illərdə bu məsələdə müəyyən gərginlik yaranıb. 2023-cü ilin noyabrında ABŞ Senatının Azərbaycana hərbi yardımı dayandıran qanun layihəsini qəbul etməsi və 2024-2025-ci illər üçün 907-ci düzəlişin ləğv edilməsini müvəqqəti dayandırması əməkdaşlıqda yeni çətinliklər yaratmışdı.

Lakin deputatın sözlərinə görə, hazırkı qərar Azərbaycana ABŞ hərbi yardımı, müdafiə texnologiyaları və modernləşmə proqramlarına yenidən çıxış imkanı verəcək. Bu, müdafiə potensialının güclənməsinə, birgə hərbi təlimlərin və strateji əməkdaşlıq layihələrinin həyata keçirilməsinə şərait yaradacaq.

İqtisadi sahədə isə ABŞ şirkətləri ilə ticarət və investisiyanın genişlənməsi, xüsusilə enerji sektorunda əməkdaşlığın dərinləşməsi Azərbaycanın iqtisadi diversifikasiya strategiyasına mühüm dəstək olacaq.

Naqif Həmzəyev əlavə edib ki, Tramp administrasiyasının Azərbaycan və Ermənistan arasında sülh anlaşmasının elan edilməsini planlaşdırması regionda sabitliyin təmin olunması, Azərbaycanın diplomatik mövqelərinin güclənməsi baxımından böyük önəm daşıyır. Bu proses regional təhlükəsizlik və iqtisadi inkişaf üçün əhəmiyyətli təsirlər yaradacaq.

Deputat vurğulayıb ki, 907-ci düzəlişin icrasının dayandırılması yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Azərbaycanın strateji coğrafi mövqeyinə, enerji ehtiyatlarına və regionun təhlükəsizlik sistemində oynadığı rolun gücləndirilməsi baxımından tarixi addımdır.

Siyasətçi  hesab edir ki, bu addım Azərbaycan diplomatiyasının böyük uğuru kimi tarixə düşəcək və ölkənin beynəlxalq arenadakı mövqelərini daha da möhkəmləndirəcək

Prime Leasing